Britaniya rejissoru Ridli Skot (Ridley Scott) dünya kinosunda iz qoymuş “Qladiator” filminin (2000) üçüncü hissəsini də çəkmək niyyətindədir.

“Total Film” jurnalının yazdığına görə, “Qladiator”un üçüncü filminin ssenari hazırlıqlarına başlanılıb. “Əlimdə artıq səkkiz səhifə var. Çox gözəl bir yolun başlanğıcı var, onu izləməliyəm”, – deyə 87 yaşlı rejissor bildirib.

Qeyd edək ki, “Qladiator”un ikinci filminin çəkilişləri bu ilin yanvarında başa çatıb. İyul ayında “Qladiator 2”nin rəsmi treyleri nümayiş olunub. Ekran əsərinin dünya premyerası isə noyabrın 22-nə nəzərdə tutulub.

Layihənin aktyor heyətinə Pedro Paskal, Denzel Vaşinqton, Cozef Quinn, Konni Nilsen və başqaları daxildir. Yeni “Qladiator”un süjeti birinci hissənin bitməsindən 25 il sonra baş verən hadisələrdən bəhs edəcək.

Xatırladaq ki, tarixi dram janrında çəkilən “Qladiator”un birinci filmində hadisələr eramızdan əvvəl ikinci yüzillikdə Roma imperiyasında baş verir. Baş qəhrəman imperator Mark Avrelinin sevimli sərkərdəsi Maksimusdur. Aktyor Rassel Krounun (Russell Crowe) oynadığı qəhrəman filmin sonunda həlak olur.

“Qladiator” filmi (“Scott Free Productions” və “Red Wagon Entertainment” kino şirkətlərinin istehsalı) 2001-ci ildə beş nominasiyada (o cümlədən ən yaxşı film kimi və ən yaxşı kişi roluna görə) “Oskar” mükafatı qazanıb.

V.Kamal