UNESCO-nun baş direktoru Odri Azule Dünya Kitab Paytaxtı Məşvərət Komitəsinin tövsiyəsi əsasında Mərakeşin Rabat şəhərinin 2026-cı il üçün “Dünya kitab paytaxtı” seçildiyini elan edib.
Rabat bu missiyanı 2025-ci ildə “Dünya kitab paytaxtı” olacaq Rio-de-Janeyrodan (Braziliya) təhvil alacaq.
“Rabat kitabların bütün müxtəlifliyi ilə bilik və incəsənət mübadiləsinə kömək edən mədəniyyət mərkəzidir. Artan yerli kitab sənayesi də təhsilin inkişafında mühüm rol oynayır. Bu fəaliyyətlər UNESCO-nun mandatına uyğun həyata keçirilir”, – deyə Odri Azule bildirib.
UNESCO-nun “Dünya kitab paytaxtı”nın yeni nominantı barədə məlumatında diqqətə çatdırılır ki, Rabatda 54 nəşriyyat, Afrikada üçüncü ən böyük beynəlxalq kitab və nəşriyyat yarmarkası və getdikcə sayı artan kitab mağazaları var. Bu şəhərin kitab sənayesi təkcə yaradıcı iqtisadiyyatın mühüm hissəsi deyil, həm də biliyin dərinləşdirilməsinə töhfədir.
UNESCO və Dünya Kitab Paytaxtı Məşvərət Komitəsi Rabatı ədəbi inkişafa, mütaliə vasitəsilə qadınların və gənclərin səlahiyyətlərinin artırılmasına, savadsızlıqla mübarizəyə, xüsusən də icmalar arasında aydın öhdəliyinə görə bu titula layiq görüb.
Tədbirlərin açılışı 2026-cı il aprelin 23-də – Dünya Kitab və Müəllif Hüquqları Günündə olacaq.
Qeyd edək ki, UNESCO-nun “Dünya kitab paytaxtı” (World Book Capital) proqramı 2001-ci ildən həyata keçirilir. İlk dəfə bu adı Madrid (İspaniya) daşıyıb. 2024-cü ilin “Dünya kitab paytaxtı” Fransanın Strasburq şəhəridir.