Azərbaycan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC tərəfindən Estoniyanın paytaxtı Tallinn şəhərindəki “Hopneri Maya” muzeyində sərgi təşkil edilib.
Açılış mərasimində Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov və “Azərxalça” ASC-nin sədri Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxış ediblər.
Səfir sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edəcəyini deyib. O, ümidvar olduğunu bildirib ki, eston ziyarətçiləri ölkəmizin mədəni irsinin mühüm istiqaməti kimi xalçaçılıq sənəti ilə yaxından tanış olacaqlar.
Emin Məmmədov qeyd edib ki, ASC-nin yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlığı çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradılır və beləliklə, bu sənət inkişaf edir.
“Hopneri Maya” muzeyinin rəhbəri xanım Katrin Tuuksam Azərbaycan xalçalarının burada ilk dəfə sərgilənməsini Estoniyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
Sərginin ziyarətçilərinə iki xalça kolleksiyasından nümunələr təqdim olunub. Onlar klassik Qarabağ xalçasının toxunmasını da izləyiblər.
Qeyd olunub ki, “Uçan xalçalar” kolleksiyasına müxtəlifölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş on bir yun xalça daxildir. Kolleksiya bundan əvvəl Strasburq, Brüssel, Berlin, Madrid, Vyana, Riqa və 2024-cü il Avropanın mədəniyyət paytaxtı Liepaya şəhərlərində muzeylərdə sərgilənib.
Kolleksiya 2021-ci ildə Vətən müharibəsinin birinci ildönümü və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na salınmasının (16 noyabr 2010-cu il) 11-ci ildönümü münasibətilə hazırlanıb.
Estoniya paytaxtında sərgi bir ay davam edəcək.