Əməkdar rəssam Rza Avşarın 75 illiyi münasibətilə yaradıcılıq sərgisi keçirilib. “Payız rəngləri” adlı ekspozisiya oktyabrın 4-dən 9-dək Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda nümayiş olunub.
Sərginin açılış mərasimində çıxış edən Xalq rəssamı Fərhad Xəlilov Rza Avşarın əsərlərini yüksək qiymətləndirib. Qeyd edib ki, onun yaratdığı əsərlərdə həyat realizminin bədii məcmusu aydın nəzərə çarpır. Fərhad Xəlilov yubilyarın həyat yoldaşı İradə Avşarovanın da tanınmış rəssam olduğunu və onların birgə çalışaraq gözəl sənət əsərləri yaratdıqlarını diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli rəssamın Vətənimizin təbiətini və insanlarını vəsf edən əsərlərindən söz açıb, onun icmaya hədiyyə etdiyi Rəvanqulu xanın portretinin də dəyərli sənət nümunəsi olduğunu vurğulayıb.
Prezident Administrasiyasının şöbə müdiri sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev Rza Avşarın Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Muxtar Avşarovun ailəsində dünyaya göz açdığını bildirərək əlavə edib ki, Avşarlar ailəsinin xəmiri mədəniyyətdən yoğurulub. Bildirib ki, Rza Avşarın yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını ifadə edir, yüksək zövq və böyük sənətkarlıqla çəkdiyi portretlərdə isə görkəmli şəxsiyyətlərimizin xarakterini rənglərin dili ilə məharətlə nümayiş etdirir.
Tədbirdə digər çıxışçılar da Rza Avşarın yaradıcılığından bəhs ediblər. Vurğulanıb ki, müxtəlif janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir.
Açılışdan sonra sənətsevərlər rəssamın əl işləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, sərginin Bakıdan sonra rəssamın doğulduğu Gəncə şəhərində nümayişi də nəzərdə tutulub.