Mingəçevir Dövlət Dram Teatrında vaxtilə repertuarda olmuş Sahib İbrahimlinin “Sadıqın toyu” pyesinin tamaşası bərpa edilir.

Tamaşanın bərpa rejissoru teatrın direktoru Əməkdar artist İntiqam Soltan, quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulovdur.

Oktyabrın sonlarında teatrsevərlərə təqdim olunacaq tamaşada rolları Əməkdar artist Şıxı Yaqubov, aktyorlar Afət Əliyeva, Eyvaz Əliyev, Elvin Əkbərli,  İlqar Rəhimov,  Paşa Salmanov, Asim Məmmədov və b. ifa edirlər.

Qeyd edək ki, tamaşa Mingəçevir səhnəsində 2018-ci ildə Ağdam Dövlət Dram Teatrının baş rejissoru Kərim Həsənlinin quruluşunda hazırlanıb.

Hazırda teatrın repertuar planından əlavə “Ağ-qara” mono-pyesi üzərində də yaradıcılıq işi gedir. İntiqam Soltanın müəllif işi olan əsər ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) münasibətilə hazırlanır. Bu tamaşa isə noyabrın əvvəllərində təhvil veriləcək.