Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin təşkilatçılığı ilə 29 sentyabr – 4 oktyabr tarixlərində Moskvada “Yüksəliş” beynəlxalq tələbə film festivalı keçirilib.
MDB ölkələrinin, o cümlədən Azərbaycanın da təmsil olunduğu festivala 30-dan çox film təqdim edilib.
“Ən yaxşı sənədli film” kateqoriyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi altı filmdən, üç film müsabiqəyə qoşulub.
ADMİU-nun SABAH qrupunun tələbəsi Şöhrət İbrahimovun “Şirin yuxu”, Elmar Fərzəliyevin “Hökm” və Kamal Müşfiq İbadovun “Motivator” adlı filmləri müsabiqədə yarışmaq şansı qazanıb.
“Motivator” filmi “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında festivalın mükafatına layiq görülüb. Həmçinin ADMİU festivalda fəal iştirakına görə diplomla təltif edilib. Film 2022-ci ildə keçirilən Bakı Beynəlxalq Qısametrajlı Film Festivalın-da "Ən yaxşı tələbə filmi" nominasiyasında qalib olub.
Filmdə idmanla məşğul olan gəncin avtomobil qəzasına uğrayaraq əlil olması və sonrakı həyatını incəsənətə həsr edərək uğur qazanmasından söhbət açılır. O, milli gözəllik müsabiqəsinin finalına qədər gəlir. Əvvəllər idmançı kimi rinqdə rəqabət aparan gənc artıq heç bir fiziki məhdudiyyəti olmayan iştirakçılarla podyumda yarışır...
Qeyd edək ki, “Yüksəliş” festivalı çərçivəsində konfrans da təşkil olunub. ADMİU-nun Kino-televiziya sənətləri kafedrasının müdiri, rejissor Elnur Mehdiyev Azərbaycanda kino sənayesinin formalaşması və inkişafının yeni mərhələsi haqqında çıxışı dinlənilib.