Oktyabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın (1939–1992) 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransı açan AMEA-nın akademik-katibi Arif Həşimov Azərbaycan şərqşünaslıq elminin inkişafında Aida İmanquliyevanın mühüm rolu olduğunu qeyd edib, onun xüsusilə ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində elmə böyük töhfələr verdiyini bildirib.
AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Görkəmli şərqşünas, unudulmaz şəxsiyyət” mövzusunda məruzə edib. O bildirib ki, Azərbaycanda ərəbşünaslıq üzrə ilk filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir sıra xarici ölkələrdə şöhrət qazandırıb.
Aida İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk alim olduğunu deyən akademik onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezinin tədqiq olunduğunu qeyd edib.
Məruzədə görkəmli alimin elmi-təşkilati, pedaqoji fəaliyyətindən, tərcümələrindən, beynəlxalq elmi tədbirlərdə Azərbaycan şərqşünaslıq elmini layiqincə təmsil etməsindən də söz açılıb.
Konfransda daha sonra Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, Şərqşünaslıq İnstitutunun direktor müavini dosent Ruhəngiz Cümşüdlü, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Fərda Əsədovun məruzələri dinlənilib.