Şuşa və Ağdam abidələri İslam Dünyası İrsinin İlkin Siyahısına salınıb
2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhəri 8-9 oktyabr tarixlərində İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyasına ev sahibliyi edib. Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib.
Şuşaya gələn qonaqlar üçün əvvəlcə şəhərin mədəni irs yerlərinə ekskursiya təşkil edilib.
Sessiyanın açılış iclasında çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları salamlayıb və komitənin işinə uğurlar arzulayıb.
Sonra ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Azərbaycanın mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ irsinin xüsusi yer tutduğunu deyən nazir müavini işğal dövründə dağıdılmış abidələrə dair statistik məlumatları diqqətə çatdırıb, mədəni mühitin və irsin canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb. Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan Səadət Yusifova Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər və yeni təşəbbüslər haqda danışıb.
Komitənin sədri, Səudiyyə Ərəbistanının təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.
Açılış toplantısının sonunda Şuşa Şəhəri Dövlət Qoruğuna həsr olunmuş xüsusi təqdimat nümayiş olunub. Komitənin üzvləri xatirə fotosu çəkdiriblər.
***
Fasilədən sonra keçirilən birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro tərəfindən bu qurumun konsepsiyası, növbəti iki ili əhatə edən prioritetləri təqdim olunub.
Təqdimata dair Azərbaycan, Burkino Faso, Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib. Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında Komitə tərəfindən müsəlman ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də qeyri-islam ölkələrində mövcud İslam irsinin müvafiq siyahıyaalma mexanizmləri üzrə işin təkmilləşdirilməsi təklif olunub.
İkinci sessiyada 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara baxılıb, Komitə üzvlərinin təklifləri müzakirə edilib.
***
Oktyabrın 9-da sessiya işini davam etdirib.
Sessiyanın üçüncü iclasında İslam Dünyasının İrs Siyahısına təqdim edilmiş müxtəlif nominasiyalar nəzərdən keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş “Şuşa Tarix-Memarlıq Qoruğu” və “Ağdam İmarət Kompleksi və Cümə məscidi” adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə təklif müzakirə olunub.
Əvvəlcə İslam Dünyası İrs Komitəsində ölkəmizi təmsil edən ekspert Rizvan Bayramovun çıxışı dinlənilib.
Sonra Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı “Ağdamın inciləri” adlı təqdimatla çıxış edib. Təqdimatda Ağdamın mədəni irsi ilə bağlı dörd dövr – yaradılış (Qarabağ xanlığı dövrü və XIX əsr), mədəniyyət institutlarının inkişafı (1993-cü ilə qədər), işğal və kultursid (1993–2020-ci illər) və mədəniyyətin canlandırılması (2020-dən sonra) diqqətə çatdırılıb.
İştirakçılar “İmarət” kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrı, Çörək muzeyi, Çay evi kimi simvolik abidələrin müxtəlif dövrlərdə olan vəziyyətini əks etdirən fotomateriallarla tanış olublar.
İclasda mədəni irsin bərpa edilməsində Azərbaycan təcrübəsinin bütün dünyada postmünaqişə zonalarında mədəni irsin canlandırılması üçün unikal model olduğu vurğulanıb.
Müzakirələrdən sonra komitə üzvləri tərəfindən “Şuşa Tarix-Memarlıq Qoruğu” və “Ağdam İmarət Kompleksi və Cümə məscidi” nominasiyalarının İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilib.
Ölkəmiz üçün əlamətdar olan bu nominasiyaların növbəti illərdə İslam Dünyasının İrs Siyahısına daxil edilməsi üçün zəmin yaradıb.
Qeyd edək ki, hazırda sözügedən siyahıda ölkəmizdən üç nominasiya yer alır. 2019-cu ildə Mərakeşin paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin iclasında İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri ICESCO-nun İslam Dünyasının İrs Siyahısına salınıb.