Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Erasmus+ proqramı üzrə reallaşan “DigiCult Game Design” layihəsi çərçivəsində keçirilən növbəti görüşdə iştirak ediblər.

AzMİU-dan bildirilib ki, layihədə ali məktəbi Qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, kafedranın müəllimi Fəridə Qasımova və İqtisadiyyat və marketinq kafedrasının müəllimi Natiq Məhəməliyev təmsil ediblər.

Türkiyənin Bahçeşehir Universitetində təşkil olunan görüşə AzMİU-nun layihədə iştirak edən 5 tələbəsi - Bəyimxanım Ədilova, Ruslan Qarayev, Fidan Məmmədova, Şahlar Allahyarov, Aytən Əhmədxanlı da qatılıblar.

Tərəfdaş ölkələrin tələbələri birgə qruplarda çalışaraq yeni oyun dizaynı üçün təlim metodologiyası hazırlayıblar. Təlim modullarının nəticəsi təqdim edilməzdən əvvəl bir qrup tələbə ilə test olunacaq. Buna uyğun olaraq metodologiya yenidən nəzərdən keçiriləcək. Maddi və qeyri-maddi mədəni irs məlumatları ilə yaradılan rəqəmsal oyunlar bu tədqiqatın nümunəvi nəticələrini təşkil edəcək.