Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları - Orxan Abbasov və Elnur Baloğlanovun iştirakı ilə Şamaxı, Qobustan, Abşeron, Salyan və digər rayonlarda mövcud palçıq vulkanlarında tədqiqat aparılır.

İnstitutdan bildirilib ki, məqsəd vulkan palçığının müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və tətbiqidir.

Üç il ərzində davam edəcək araşdırmalar Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşır. İlk növbədə, Şərqi Azərbaycanın quru ərazilərindəki palçıq vulkanlarının Yerin müxtəlif dərinliklərindən səthə çıxardığı palçığın və suyun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analitik üsullarla tədqiqi nəzərdə tutulub.

Növbəti mərhələdə planlaşdırılıb ki, vulkan palçığının fərqli xəstəliklərin müalicəsində effektivliyini təsdiqləmək məqsədilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kliniki-eksperimental araşdırmalar həyata keçirilsin. Hazırda isə alimlərin topladıqları palçıq və su nümunələri Geologiya və Geofizika İnstitutunun analitik bazasında tədqiq olunur.