XIX əsrin axırlarında çar Rusiyasında maarif və mədəniyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu sahələrdə yeniliklərə Azərbaycan ziyalıları da maraq göstərirlər. Həmin dövrdə ölkəmizdə maarifçilik hərəkatının öndə gedən nümayəndələrindən biri də pedaqoq, təhsil təşkilatçısı Həbib bəy Mahmudbəyov idi. O, Bakıda yeni tipli təhsil ocaqlarının yaradılmasında fəal iştirak edib. Bu il görkəmli maarif xadiminin anadan olmasının 160 illiyidir.
Həbib bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov 29 iyul 1864-cü ildə Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alır. Sonra Bakıda realnı məktəbdə təhsilini davam etdirir. 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə sənədlərini Tiflisdə Aleksandr Müəllimlər İnstitutuna verirlər. Hər iki gənc təhsili başa vurduqdan sonra Bakıya dönür. Burada ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyurlar. İki siniflə fəaliyyət göstərən məktəb tez bir zamanda böyük şöhrət qazanır. Görkəmli maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli bu məktəb haqqında yazıb: “Bu vaxtlarda (1891) Qafqazda maarif müdiri olan Yanovski Sultanməcid Qənizadə ilə Həbib bəy Mahmudbəyovun təzə qayda ilə açdıqları məktəbləri ziyarət edir. Şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalır. O, sonralar bu məktəbi hər yerdə vəsf edib”.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərmin Bağırova araşdırmasında qeyd edir ki, məktəbdə təlimin yüksək keyfiyyəti, nümunəvi nizam-intizam və səliqəlilik tezliklə əhalinin diqqətini çəkir. 1891-ci ildə 150 nəfər sakin Bakı Şəhər Dumasına ərizə ilə müraciət edərək belə məktəblərin sayının artırılması və dövlət xərcinə keçirilməsini xahiş edirlər. Həmin il iki məktəb açılır. Birinci məktəbə 35, ikinci məktəbə isə 45 şagird qəbul olunur. H.Mahmudbəyov birinci, S.Qənizadə isə ikinci məktəbə müdir təyin olunur. Sonralar rus-Azərbaycan məktəblərində S.S.Axundov, A.Şaiq, Ə.Cəfərov, A.Atakişiyev, H.Behbudova və başqa müəllimlər dərs deyirlər.
Qeyd edək ki, 1897-ci ildə S.Qənizadə, H.Mahmudbəyov və Ə.Axundovun rəhbərliyi altında Bakıda nəşriyyat şirkəti də yaradılır. Burada əsasən rus və Azərbaycan dillərində bədii ədəbiyyat, dərsliklər və s. nəşr olunur.
Görkəmli maarif xadimi həm də geniş ictimai maarifləndirmə fəaliyyəti ilə də məşğul olur. Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) keçirilməsində mühüm xidmətləri olur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1920) sonra H.Mahmudbəyov xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından biri kimi fəaliyyət göstərir. Hökumətin tapşırığı ilə qabaqcıl maarif xadimləri F.Rzabəyli və Ə.Cəfərovla birlikdə Azərbaycan Ali Pedaqoji İnstitutunun yaradılmasında yaxından iştirak edir. Həmin institutda uzun illər direktor müavini olur, eyni zamanda rus dili və ədəbiyyatı müəllimi işləyir.
Folklorşünas Əbülqasım Hüseynzadə xatirələrində H.Mahmudbəyovun maarif işi ilə yanaşı, teatr sənətinə də həssas yanaşdığını yazır: “Həbib bəy Mahmudbəyovu 15 yaşımdan tanıyırdım. Mən o vaxt rus-tatar məktəbində oxuyurdum. Məktəbin direktoru Həbib bəy Mahmudbəyov idi. Bir gün Həbib bəyin təşəbbüsü ilə məktəbdə yaradılmış teatr truppasına üzv yazıldıq. Mən ədəbiyyata və teatra çox həvəs göstərirdim. Bunu Həbib bəy Mahmudbəyov hiss etmişdi. Ona görə də mənə müxtəlif rollar verirdi”.
Mənbələrdə bildirilir ki, H.Mahmudbəyov qayğıkeş və xeyirxah bir insan kimi çətin məqamlarda bir çoxlarına yardım göstərib. Məlumdur ki, Hüseyn Ərəblinskinin uşaqlıq illəri ehtiyac və sıxıntı içində keçib. O, kiçik yaşlarından atasını itirir, təhsil xərcini ödəyə bilmədiyi üçün məktəbi buraxmalı olur. Lakin H.Mahmudbəyov onu da rus-tatar məktəbinə qəbul edir...
Milli ziyalı nəslinin yetişməsində böyük əməyi olan maarif və mədəniyyət xadimi Həbib bəy Mahmudbəyov 1928-ci ildə vəfat edib. Təəssüf ki, görkəmli maarif fədaisinin harada dəfn olunduğu məlum deyil.
Savalan Fərəcov