Şəhidlərin həyatı, əslində, ülvi bir idealla bağlıdır. Onlar Vətəni hər şeydən uca tuturlar. Candan şirin, əziz heç nə yoxdur, deyirlər. Amma onlar Vətənin dar günündə canını və qanını ali amal uğrunda əsirgəmirlər.
“Vətən fədailəri” rubrikasında bu dəfə şəhid çavuş Nurəddin Rəsulovdan söz açacağıq.
Nurəddin Akif oğlu Rəsulov 1991-ci il oktyabrın 31-də Füzuli şəhərində anadan olub. Doğma yurdu ermənilər tərəfindən işğal edilən zaman Nurəddinin hələ 2 yaşı tamam olmamışdı. Ailəsi Beyləqan rayonunun Mil qəsəbəsinə pənah gətirir. Nurəddin Beyləqan rayon İlham Quliyev adına tam orta məktəbində təhsil alır.
Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Hələ uşaqlıqdan düşmənə nifrət bəsləyən Nurəddin ermənilərdən qisas almağı gözləyirdi. 2010-cu ildə həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən öz xidmətini davam etdirir. Xidməti dövründə hərbi hissədə komandirlərinin hörmətini qazanır.
Nurəddinin ilk döyüş yolu 2016-cı ilin Aprel zəfərindən başlayıb. Aprel döyüşləri zamanı mənfur düşmənin Ordumuza qarşı təxribatının qarşısının almasında və Lələtəpə yüksəkliyinin azad olunmasında iştirak edib. Ancaq daha böyük hünər meydanı qarşıda idi...
44 günlük Vətən müharibəsi... Bu müharibədən əvvəl də hər bir azərbaycanlının qəlbində Vətən sevgisi, torpağa bağlılıq hissləri mövcud idi. Ancaq dörd il öncə sentyabrın 27-də müharibə başlanan zaman xalqımıza tamamilə fərqli ruh hakim kəsilmişdi. Gənc, yaşlı, kişi, qadın – hər kəs torpaqları üçün mübarizəyə qalxmışdı. O günlərdə qurduğumuz cümlələrin əvvəli də Vətən idi, sonu da.
Nurəddinin də gözlədiyi qisas günü gəlib çatmışdı. 44 günlük Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi ilə döyüşlərə qatılır, şücaət göstərir. “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilir.
Vətən müharibəsindən sonra Nurəddin öz istəyi ilə Türkiyədə keçirilən dağçılıq komando kurslarına yollanır. Kursu yüksək nailiyyətlərlə başa vurduqdan sonra qayıdıb komando birliyində baş kəşfiyyatçı kimi xidmətini davam etdirir. Müzəffər Ordumuzun qarşısında düşməni doğma yurdumuzdan tamamilə təmizləmək, uzun illərdir Qarabağda kök salmış erməni separatizminin kökünü birdəfəlik kəsmək missiyası vardı. O da 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edir. Xocalı rayonu ərazisində Dağyurdu istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlir.
N.Rəsulov Füzuli rayonunun Araz Zərgər kənd qəbiristanlığında torpağa tapşırılır.
Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilir.
Şəhidin atası Akif Rəsulov oğul itkisinə dözə bilmir. Nurəddin şəhid olduqdan sonra cəmi altı ay yaşaya bilir.
Şəhidin qardaşı Fəxrəddin Rəsulov Nurəddinin uşaqlıqdan cəsur olduğunu deyir: “Qardaşımla sonuncu dəfə ötən ilin 19 sentyabrında əlaqə saxladım. Söhbətimiz zamanı məndən halallıq istədi. Dedi ki, buradan o tərəfə yol yoxdur. Biz düşməni öz torpaqlarımızdan tamamilə təmizləməliyik. Vətənimizi, torpağımızı heç nəyə dəyişmərik, bu yolda canımızdan keçməyə hazırıq. O bu sözləri deyib mənimlə sağollaşdı. Sentyabrın 19-dan 20-nə keçən gecə saat 5-də qardaşımın şəhid xəbərini aldım. O anı təsəvvür etmək, danışmaq mümkün deyil... Nə deyə bilərəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”.
Şəhidin anası Reyhan Rəsulova oğlu haqqında fəxrlə danışır: “Oğlum çox vətənpərvər idi. Bizə hər zaman layiqli övlad olub. Uşaqlıqdan özünə taxtadan avtomat düzəldirdi, hərbçi olmaq arzusu ilə yaşayırdı. O, arzusuna çatdı. Sevdiyi şanlı əsgər forması ilə şəhadət şərbətini içdi...”.
Nurəddin Rəsulov 2014-cü ildə Ayşən xanımla ailə həyatı qurmuşdu. Nihad, Murad və Nuray adlı övladları Vətənə əmanət qalıb.
Ruhu şad olsun.
Nurəddin Məmmədli