Fransadakı səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan milli mətbəxinin nümunələri daxil olmaqla 150 ölkənin yumurtadan hazırlanan yeməklərinin reseptlərindən ibarət “Eggcellent” kitabının təqdimatı keçirilib.
Tədbirdə nəşrin müəllifi, tanınmış kulinariya ustası və kulinariya teleşousunun aparıcısı Siril Ruke-Prevostun kitabı hazırlamaq üçün səyahət etdiyi ölkələr haqqında məlumat verilib.
Müəllif gəzdiyi ölkələrin mətbəxləri barədə fikirlərini bölüşüb, eləcə də Azərbaycana səyahətindən, milli mətbəximizdən söz açıb.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qastrodiplomatiyanın mədəniyyət diplomatiyasının bir forması olduğunu deyib. Qeyd olunub ki, mətbəx mədəniyyətlər arasında körpülərin yaradılmasında rol oynayır, ölkə milli mətbəxini xaricdə tanıtmaqla öz nüfuzunu və beynəlxalq cəlbediciliyini artırır.
“Eggcellent” kitabında qurmanlara Azərbaycan milli mətbəxinin yumurtadan hazırlanan bir neçə resepti təqdim olunur.
Tədbir iştirakçıları Azərbaycan milli mətbəxindən kükü, yumurtalı toyuq çığırtması, yumurtalı lobya kimi yeməkləri dadıblar.