Türkiyə-Azərbaycan dostluq konserti
Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində “Ah, bu könül nəğmələri” adlı Türkiyə - Azərbaycan dostluq konserti təqdim olundu. Konsert Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Musiqi Təhsili Vəqfi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirildi.
Konsertdən əvvəl tədbirin aparıcısı Kamilə Babayeva musiqi layihəsi haqqında məlumat verdi.
Yunus Əmrə İnstitutu Bakı Mərkəzinin rəhbəri Selçuk Karakılıç bildirdi ki, türk musiqisi türk mədəniyyətinin geniş sərhədlərini, mədəniyyətlərarası müxtəlifliyini və tolerantlığını əks etdirən yüksək sənət nümunəsi olaraq təbliğ edilir. Bu sənət Türkiyənin böyük sivilizasiyasını quran ruhun, nəfəsin səsidir. Konsertdə təqdim olunan mahnıların hər birinin maraqlı tarixçəsi var. Bu hekayələrin cəmi Türkiyənin mədəni müxtəlifliyini, zəngin və seçkin sivilizasiyasını və sənət dünyasını təmsil edir.
Tanınmış televiziya aparıcısı Nur Tuğba Aktay türk musiqi mədəniyyətini onları fərqli və xüsusi edən dəyərləri, eyni zamanda ortaq məxrəcləri olan bir xəzinə kimi səciyyələndirdi.
Musiqi Təhsili Vəqfinin rəhbəri Fikret Erkaya dedi: “Konsertdə səsləndiriləcək mahnılar sevgimizin, birliyimizin məhsuludur və bu mahnıları sizinlə bölüşməkdən məmnunluq duyuruq”.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma işləri üzrə müşaviri Muhittin Macit isə “Bu gün biz bu köklü dostluğu, qardaşlığı və həmrəyliyi universal musiqi dili ilə bir daha ifadə edirik” deyə tamaşaçılara xoş seyrlər arzuladı.
Sonra söz musiqiyə verildi.
Solist Burcu Göktürk instrumental ifaçıların müşayiəti ilə türk klassik musiqisinin ustadlarından olan Səlahəddin Pınar, Sadettin Kaynak, Münir Nurəddin Selçuk və Avni Anıl kimi bəstəkarların əsərlərini oxudu.
Konsertdə “Nihavənd” məqamında Azərbaycan xalq mahnıları da ifa olundu. Xüsusilə Rəşid Behbudovun ölməz repertuarından “Nazəndə sevgilim”, “Aman ovçu”, “Bu qala, daşlı qala” və s. mahnılar sürəkli alqışlarla qarşılandı.
Arzu Yücebıyık, Ayça Bingöl, Uğur Gökdemir və Ahmet Yağmur Kucur (vokal), Ahmet Furkan Duyar (qanun), Emre Elifoğlu (violonçel), İlayda Uçar (ritm), İremnur Yaşar (kamança), Məhəmməd Ceylan (ney) və Murat Büyükkaya (ud) kimi usta ifaçıların çıxışları alqışlarla qarşılandı.
Türkiyə və Azərbaycan tarixi, mədəni və emosional bağlarla sıx bağlı olan iki ölkə olaraq bu qardaşlığı sənət vasitəsilə daha da dərinləşdirir. “Ah, bu könül nəğmələri” konserti sənət dostluğumuzun ən gözəl nümunələrindən biri olaraq yaddaşlarda iz qoydu.
Lalə Azəri