Görkəmli bərpaçı-rəssamın xatirəsi əsasını qoyduğu sənət ocağında yad olundu

 

Onları mədəni sərvətlərin ömrünü uzadanlar, mədəni sərvətləri xilas edənlər, muzey eksponatlarına ikinci həyat verənlər, yaxud da tarixin şahidlərini yaşadanlar da adlandırırlar. Onlar mədəni irsimizi qorumaq uğrunda çalışırlar.

Bu il ölkəmizdə bərpa rəssamlığının əsasını qoyan tanınmış mütəxəssis Fərhad Hacıyevin 95 illik yubileyidir. Onun yubiley mərasimi də elə qurub-yaratdığı Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində qeyd edildi.

Fərhad İbrahim oğlu Hacıyev 1929-cu ildə Şamaxı şəhərində anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1950–1955-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb, bərpaçılıq sənətinin sirlərinə dərindən yiyələnib.

Bu gün məhz onun rəhbərliyi ilə yaradılan mərkəz Azərbaycan muzeylərində bərpa və konservasiyaya ehtiyacı olan minlərlə eksponata ikinci həyat verib. Xalqımızın zəngin bədii-tarixi irsi, dəyərli maddi-mənəvi sərvətləri bu mərkəzdə peşəkar bərpaçı-rəssamların qayğıkeş əllərinin nəvazişi nəticəsində xilas olunub.

Fərhad Hacıyev 1957-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində ilk bərpa emalatxanasını açıb. 80-ci illərdə emalatxanaya mərkəz statusu verilib və bədii irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bərpaçılar burada bir araya gəliblər.

Təsadüfi deyil ki, Elmi Bərpa Mərkəzi ənənəyə sadiq qalaraq bu dəfə də “Nəsillərin görüşü” adı altında bərpaçıları bir araya gətirdi. Bu görüş təkcə yubiley tədbiri deyil, eyni zamanda işıqlı, xatirələrlə dolu keçmişin ən xoş anlarını yada salmaq üçün mühüm bir səbəb idi.

Elmi Bərpa Mərkəzinin direktoru Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova giriş sözündə ölkəmizin ilk ali dərəcəli bərpaçı-rəssamı Fərhad Hacıyev haqqında danışdı, onun fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini dedi.

Mədəniyyət Nazirliyi Muzey və daşınar mədəni irs sektorunun müdiri Könül Cəfərova mərkəzin işinin əhəmiyyətini qeyd etdi. Burada Fərhad Hacıyevin yaratdığı ənənələrin layiqincə davam etdirildiyini təqdirəlayiq hal kimi qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

Mərkəzin Elmi-tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinovanın Fərhad Hacıyevin həyat və yaradıcılığına həsr olunan məruzəsi dinlənildi. Məruzədə Fərhad Hacıyevin ilk bərpa etdiyi Qərbi Avropa rəssamlıq məktəbinin nümunəsi olan “Monastr apteki” tablosu və İ.Brodskinin çəkdiyi “Hacı Zeynalabdin Tağıyevin portreti” əsəri xüsusi qeyd olundu.

1970–1980-ci illərdə mərkəzdə çalışmış, F.Hacıyevdən bərpaçılığın sirlərini öyrənmiş Əməkdar rəssam Natiq Səfərov, Ələsgər Əliyev, Ruhəngiz Əliyeva, Zemfira Əhmədova və Təranə Həsənova, hazırda mərkəzdə çalışan tikmə üzrə bərpaçı-rəssam Bəstixanım Əliyeva, Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva, xalça üzrə bərpaçı-rəssam Xatirə Əmirova, rəngkarlıq üzrə bərpaçı-rəssam Elmira Səfərova və digər əməkdaşlar kövrək xatirələrini bölüşdülər.

Qocaman bərpaçılar, bir vaxtlar F.Hacıyevlə dostluq edənlər onun bir rəhbər və sənətkar kimi müsbət keyfiyyətlərindən söz açdılar, həyat və yaradıcılığı haqqında mühüm məlumatları diqqətə çatdırdılar.

Bildirildi ki, F.Hacıyev hələ tələbə ikən bu sahədə özünü sınayıb və ömrünün sonunadək 400-dən çox əsəri bərpa edib. O, Azərbaycan rəssamlarından M.Nəvvab, B.Kəngərli, Ə.Əzimzadə, M.Abbasov, M.Cavadov, T.Nərimanbəyov, T.Salahov, M.Abdullayev, rusiyalı rəssamlar Tropin, Korovin, Borovikovski, Kandinski, Vereşşagin, Maşkov, Avropa sənətkarlarından Sarto, Düpre, Stık və başqalarının əsərlərinə yeni həyat verib. 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilən bərpaçı-rəssam 1970-ci ildə UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasına (ICOM) da üzv olub.

1971-ci ildə rəssamın bərpa emalatxanası İçərişəhərdəki “Bəylər” məscidinə köçürülür və yeni avadanlıqlarla təmin edilir. 1981-ci ildə isə bu emalatxana rəsmi şəkildə ayrıca bir quruma – Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə çevrilir. F.Hacıyev mərkəzin ilk rəhbəri olur və ömrünün sonunadək orada çalışır.

Vaxtilə onunla birlikdə ölkə daxilində çox məşhur panno və abidələri bərpa edən Natiq Səfərov aparılan tədqiqatlar, günlərlə çəkilən əziyyət nəticəsində ərsəyə gələn bərpaların mədəni irsimizə böyük töhfə olduğunu qeyd etdi. Onun həm də boyakar kimi çalışdığı, hər iki işə necə böyük həvəslə yanaşdığı dilə gətirildi. “Şamaxı rəsədxanasının tikintisində”, “Sakitlik”, “Görüş. Neft Daşları”, “Bakı ritmləri”, “Metronun “Gənclik” stansiyasının inşası”, “Mayaklar”, “Dostluq körpüsü”, “Muğam, Vaqif, caz” və başqa əsərlərinin bədii dəyəri vurğulandı.

Bildirildi ki, F.Hacıyev yaradıcılığının coşqun çağlarında, 17 dekabr 1987-ci ildə, 58 yaşında vəfat edib.

Qonaqlar F.Hacıyevin fəaliyyəti illərində çəkilmiş arxiv filmi və Elmi Bərpa Mərkəzinin tarixinin dünəni və bu gününə həsr olunmuş videoçarxı da izlədilər.

Sevindirici haldır ki, gənc kadrların işlərinə sevgi ilə yanaşması, peşəkarların səbirlə öz təcrübələrini bölüşməsi bu kollektivdə uğurlu işlərin ərsəyə gəlməsinin əsas səbəbidir. Hətta təqaüdə çıxan əməkdaşlar belə tez-tez mərkəzə baş çəkir və öz tövsiyələrini əsirgəmirlər. Məhz bu səbəbdən də görüşdə iştirak edən veteran bərpaçılar özlərini sanki iş başındakı kimi hiss edir, kollektivlə söhbətarası fikir və təcrübələrini də bölüşərək səmimi bir ortam yaratmışdılar. Bu ortamda “Nəsillərin görüşü” eyniadlı fotosərgiyə baxış zamanı qarlı-qışlı, qızmar yaylı iş günlərinin neçə-neçə şirin xatirələri yada salındı.

Onu da qeyd etmək yerinə düşər ki, hazırda Elmi Bərpa Mərkəzi hazırda bir sıra ölkələrdəki bənzər qurumlarla və bu sahədə çalışan sənətkarlarla əlaqələr qurub, təcrübə mübadiləsi aparır. Mərkəz ICOM  və ICCROM (Mədəni Sərvətlərin Mühafizəsi və Qorunması üzrə Beynəlxalq Mərkəz) kimi beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

Lalə Azəri