Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Ana tarla” tamaşası nümayiş olunub. Bakı Bələdiyyə Teatrının təqdim etdiyi tamaşa görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı povestinin motivləri əsasında hazırlanıb.

Xalq artisti Mərahim Fərzəlibəyovun səhnələşdirdiyi və quruluşçu rejissoru olduğu tamaşa doğma yurda sadiq olan sadə insanlardan bəhs edir. Səhnə əsərində İkinci Dünya müharibəsində insanların yarımçıq qalmış taleləri, məhv edilmiş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə ümidləri əks olunur.

Tamaşa ağstafalılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Nümayişin sonunda aktyorlara gül dəstələri təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Səhnə əsərini izləyənlər sırasında rayonun icra başçısı Seymur Orucov, millət vəkili Azər Əmiraslanov, Qazax-Tovuz RMİ-nin rəisi vəzifəsini icra edən Nail Məmmədov, rayondakı digər dövlət qurumlarının rəhbər şəxsləri də olublar.