Azərbaycan Mətbuat Şurasının sədri Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist və şair Rəşad Məcidin 60 illiyi münasibətilə doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir keçirilib.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə yubilyarın yaradıcılığına həsr olunmuş sərgiyə baxış olub. Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi sərgidə Rəşad Məcidin kitabları, habelə redaktoru olduğu nəşrlər, haqqında yazılan kitablar nümayiş etdirilib.
Mərkəzin konfrans zalında Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı millət vəkili, yazıçı-publisist Aqil Abbas açılış sözündən sonra yubilyarı səhnəyə dəvət edib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov, qabaqcıl maarif xadimi Ədalət Hüseynov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa çıxış edərək Rəşad Məcidin yaradıcılığından, ictimai fəaliyyətindən söz açıb, təbriklərini çatdırıblar.
Yubilyara İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Rəşad Məcidin Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran”) qəzetində 1982-ci ildə çap olunmuş ilk şeirinin məktəbli Nəimi Ağayev tərəfindən səsləndirilməsi maraqla qarşılanıb.
Yubilyarın şözlərinə bəstələnən mahnılar və digər musiqi nömrələri ifa olunub.
Sonda çıxış edən Rəşad Məcid tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.