Məmməd Arazın xatirəsi ev-muzeyində anılıb
Xalq şairi Məmməd Arazın (1933–2004) anadan olmasının 91 illiyi münasibətilə şairin Şahbuz rayonunun Nursu kəndində yerləşən ev-muzeyində tədbir keçirilib.
Muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, Məmməd Araz Azərbaycan poeziyasında məxsusi yeri olan söz ustadıdır. Şairin yaradıcılıq nümunələri bütün dövrlərdə öz dəyərini qoruyub saxlayacaq, yeni nəsillərə vətənsevərlik ruhu aşılayacaq.
Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin dekanı dosent Arif Ağalarov diqqətə çatdırıb ki, Məmməd Araz yaradıcılığında ana dilimizin zənginliyi, dərinliyi, əlvanlığı öz təzahürünü tapır.
Digər çıxışlarda vurğulanıb ki, Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, mütəfəkkirdir.
Məmməd Arazın yaxın qohumları Cavanşir Məmmədov və Namiq Abbasov şairlə bağlı xatirələrini bölüşüblər.
Bədii hissədə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsi tələbələrinin və Nursu kənd tam orta məktəbi şagirdlərinin ifasında şairin şeirləri qiraət olunub.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.