Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin (RMİ) rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı və idarə aparatının əməkdaşları şəhidlər Zabil İbadzadə, İmaməli Əhədzadə, Mehman Şirvanov və Araz İbadlının ailələrini ziyarət ediblər.

Görüşlər zamanı şəhidlərin döyüş yolundan söhbət açılıb, ailələrin problemləri dinlənilib. Şəhid ailələrinin üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

***

Astara rayon Mərkəzi Kitabxanasında Uşaq şöbəsinin təşkilatçılığı ilə ekologiyanın qorunmasına dair “Ekologiya sağlam həyat tərzidir” mövzusunda tədbir keçirilib. Ziya Bünyadov adına şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və VI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə ekologiyanın və ətraf mühitin təmiz saxlanılmasının sağlam yaşamaq üçün vacib olduğu vurğulanıb. Mövzu ilə bağlı sərgiyə baxış olub.

***

Masallı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında kiçikyaşlı oxucular üçün “nağıl saatı” keçirilib. Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayevanın təqdimatında oxunan “Tülkü və çəpiş” adlı nağıl uşaqlar tərəfindən maraqla qarşılanıb. Balacaların nağıl personajları haqqında sualları cavablandırılıb.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Vətən müharibəsinin 15-ci günü” adlı tədbir təşkil edilib. Çıxışlarda Zəfər tariximizdən söz açılıb. Tədbir iştirakçıları Vətən müharibəsinin ildönümünə həsr edilən “Yaşayan qəhrəmanlar” adlı sərgi və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı eksponatlarla tanış olublar.

***

Lerik Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə Valeh İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında “Beynəlxalq qızlar günü” (11 oktyabr) münasibətilə maarifləndirici görüş keçirilib.

Əvvəlcə qısametrajlı film nümayiş etdirilib. Əlamətdar günün tarixi haqqında məlumat verilib. Bildirilib ki, Türkiyənin təklifi ilə BMT tərəfindən 11 oktyabr tarixi “Beynəlxalq qızlar günü” elan edilib. BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən qeyd edilən günün məqsədi qız uşaqlarının hüquqlarının qorunmasına diqqət çəkmək, gender bərabərliyini təşviq etmək və qızların üzləşdiyi problemlərə diqqət yetirməkdir.

Sonda məktəbli qızlar məqsəd və hədəflərindən danışaraq müzakirələr aparıblar.

***

Salyan Dövlət Rəsm Qalereyası nəzdində fəaliyyət göstərən “İncə Art” rəsm dərnəyi və “Nuray” art-studiyasının üzvləri üçün etüd günü təşkil edilib. Rəssamlar Coşqun Məmmədov və Aynur Art etüd və eskizlərin hazırlanması barədə dərnək üzvlərinə məlumat veriblər. Sonra uşaqlar Salyan şəhərinin mərkəzindəki XIX əsr abidəsi olan Cümə məscidinin etüd və eskizini çəkiblər.

Hazırladı: N.Məmmədli