İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2023/2024-cü tədris ili üzrə “Məzun günü” keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan Aİİ-nin rektor Aqil Şirinov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə təsis edilmiş institut din sahəsində yüksəkixtisaslı kadrlar hazırlayır. Rektorun sözlərinə görə, dünya dinləri haqqında dərin biliklərə malik, tərəfsiz və bütün konfessiyalara qarşı tolerant yanaşan milli kadrları yetişdirməyi qarşısına məqsəd qoyan Azərbaycan İlahiyyat İnstitutu İslam dünyasında məzhəbüstü təhsil verən nadir təhsil ocaqlarından biridir.

“297 tələbənin təhsil aldığı institutda xaricdə yaşayan soydaşlarımızın təhsili üçün də şərait yaradılıb. İnstitut Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İndoneziya, Malayziya, Pakistan kimi ölkələrin ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir. Ötən il institutun yanında Bakı İlahiyyat Kollecinin təsis edilməsi din sahəsində sağlam düşüncəli, dövlətçiliyə bağlı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə rektor qeyd edib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, ixtisasından, təhsilindən, peşəsindən asılı olmayaraq, dövlətimizin güclənməsinə çalışmaq hər bir vətəndaşın ümdə vəzifəsidir. Dövlət Komitəsinin sədri qeyd edib ki, biz Cənubi Qafqazın tarixində yeni bir səhifə açmış böyük bir xalqın nümayəndələri, güclü bir dövlətin vətəndaşlarıyıq. Vurğulayıb ki, işğal dövründə məhv edilmiş dini, tarixi abidələrimizin bərpası ilə bağlı Heydər Əliyev Fondunun başladığı missiya milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə son dərəcə möhkəm tellərlə bağlı bir xalq olduğumuzun göstəricisidir.

Komitə sədri bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi də məhz milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq mütəxəssislər yetişdirməkdir. R. Məmmədov institutun məzunlarının bu məsuliyyətin yükünü çiyinlərində daşımağa qadir peşəkarlar kimi özlərini təsdiq edəcəklərinə əminliyini ifadə edib, onlara uğurlar arzulayıb.

Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli institutun məzunlarını təbrik edərək, onların milli-mənəvi dəyərlərimizin təşviqi istiqamətində xüsusi rol oynayacaqlarına ümidvar olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də xeyli dəyişikliklər baş verib, əhəmiyyətli addımlar atılıb, böyük uğurlar əldə edilib. Azərbaycanda dövlət-din münasibətlərinin dünyaya nümunə olduğundan bəhs edən F.İbrahimli ali dini təhsilin əhəmiyyətinə toxunub. Qeyd edib ki, din təhsili milli dəyərlərimiz, eləcə də ölkəmizdəki çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri nəzərə alınmaqla, bu sahədə beynəlxalq təcrübə öyrənilməklə həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxışlarında milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə bağlı mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Məzunlar adından çıxış edən Zeynəb Kərimli Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildirib.

Çıxışlardan sonra institutu yüksək göstəricilərlə başa vurmuş məzunların təltif edilməsi mərasimi keçirilib və bədii proqram təqdim olunub.

Məzun günü proqramı çərçivəsində İslam incəsənəti dərnəyi sərgisi nümayiş olunub, Xalq artisti Alim Qasımovun, eləcə də Aİİ-nin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib, I kurs tələbəsi Qismət Rzayev tərəfindən “Quran tilavəti” oxunub.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində Azərbaycan İlahiyyat İnstitutundan 52 (25 qız, 27 oğlan) tələbə məzun olur. Bununla da indiyədək institutdan məzun olanların sayı 173 nəfərə çatıb.