Məncə, o, milli kinomuzda sənət bioqrafiyasını daha da zənginləşdirə bilərdi. Amma gənclik cilvəsi, sevgi ilə qurulan ailə və rejissorların daha çox peşəkar kino təhsillilərinə üstünlük verməsi onun da kino taleyini məhz ilk mərhələdə, özü də uğurun başlanğıcında bitirib.
Buna baxmayaraq, o, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Aygün” tammetrajlı və “Yeni il gecəsində” qısametrajlı bədii filmləri ilə şaqraq səsini, saf təbəssümünü, gözəl çöhrəsini yaddaşımıza yaza bilib.
Bəli, söhbət Lətif Səfərovun “Qızmar günəş altında” və İsmayıl Əfəndiyevlə Şua Şeyxovun “Kölgələr sürünür” bədii filmlərinin bir-birindən fərqli qəhrəmanları – Gülpəri və Afəti canlandıran Sürəyya Qasımovadan gedir. Bu il anadan olmasının 90 ili tamam olan, kino tariximizdən fraqment kimi keçən bu tiflisli alman dili müəllimi özü haqqında söz yeri qoyub.
Görkəmli kinoşünas Aydın Kazımzadənin “Bizim “Azərbaycanfilm” kitabında aktrisa haqqında yer alan məlumatlar və Dövlət Film Fondunun fotoarxivi işığında onun ömür və yaradıcılıq yoluna nəzər salırıq.
Sürəyya Məcid qızı Qasımova 1934-cü ilin 28 sentyabrında qədim Tiflis şəhərində dünyaya göz açıb. 1953-cü ildə şəhərdəki qadın rus orta məktəbini əla qiymətlərlə bitirib, eyni ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki ADU) Alman dili fakültəsinə daxil olub.
Uşaqlıqdan təşkilatçılıq bacarığı, idmana marağı ilə seçilib. Beş ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub. Sevimli məşğuliyyətini tələbəlik illərində də davam etdirən Sürəyyanın gələcək həyat yoldaşı – “Neftçi” futbol komandasının üzvü Kamil Eynullayevlə (1932-1988) tanışlığı da bu dövrə təsadüf edib.
Tələbəlik dövründə Bakıda keçirilən bir sıra elmi-praktik konfranslarda iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi ilə bağlı məruzələr hazırlayıb.
Sürəyya Qasımovanın yaxşı muğam boğazı da varmış. Düzdür, o bunu peşəkar səviyyədə davam etdirməsə də, tələbələrin olimpiadasında ifa etdiyi xalq mahnıları dahi Bülbülün diqqətini cəlb edir və ona “Balaca Şövkət” (Şövkət Ələkbərova – red.) deyə xitabına səbəb olur.
Xatirələrində bu məqama toxunan aktrisa demişdi: “Böyük vokalçıdan bu sözləri eşidəndən sonra elə zənn etdim ki, hər şeyi atıb musiqi ilə məşğul ola bilərəm. Amma sonradan ailəmizin, xüsusən anamın məndən “Səndən yaxşı müəllim olacaq. Oxuyub bura qayıdarsan, uşaqlara təhsil verərsən” sözünü göz önümə gətirərək “Yox, Sürəyya” deyib bu bacarığımı elə həvəskar kimi də başa vurdum...”.
Amma bəzən istedadın qarşısına sədd çəkmək mümkün olmur. 1958-ci ildə Moskvada təşkil edilən VI Ümumdünya Mahnı və Rəqs Olimpiadasına yollanan istedadlı azərbaycanlı tələblər sırasında onun da adı vardı. Ora bir solist kimi dəvət olunan Sürəyya başda olmaqla Azərbaycandan gedən digər ifaçıların çıxışları yüksək qiymətləndirilmiş, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdi. Həyatda heç nə təsadüfi olmur. Hətta olmuşsa da, burada bir İlahi yönləndirmə, hansısa qüvvənin iradəsi ön plana çıxır. Lap tiflisli qızın kolxozçulardan bəhs edən filmin təsadüfən seçilən qəhrəmanı olması kimi.
“Bu ki anadangəlmə Gülpəridir”
Bəli, onun kinoya gəlişi təsadüf nəticəsində baş verib. İnstitutun III kurs yekun imtahanından da “əla” qiymət alıb sevincini kurs yoldaşları ilə bölüşən bu çılğın gənc film üçün yeni simalar axtarışına çıxan rejissor köməkçisinin diqqətini cəlb edir. Sürəyya xanımın xatirələrinə baş vurduqda bu məqamı necə sevinclə xatırladığını görürük: “Yenə qızlarla sevinc gülüşləri saçırdıq. Əlaçı çıxacağım “5”i almışdım. Bu zaman bir qadın mənə yaxınlaşıb mehriban səslə “Qızım, kinoya çəkilmək istəyirsən?” sualını verdi. Bir az duruxdum. Qızlarımız mənim əvəzimə sevincək “hə” dedilər. Sözsüz ki, mən də razılaşdım. Amma bunu evimizdə deyə bilməzdim. Düzdür, valideynlərim müasir düşüncəli insanlar idilər. Amma incəsənətdə olmağımı istəmirdilər. Amma gec idi. Mən ürəyimin səsinə qulaq asaraq artıq razılıq vermişdim. Sonradan bildim ki, bu xanım “Qızmar günəş altında” filminin rejissor köməkçisi Lida Berladir imiş.
Vədələşdiyimiz kimi ertəsi gün filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşdüm. O, çəkiliş haqqında söhbət etdi. Çox sakit, nəzakətli və hər zaman fikirli bir insan kimi, sözsüz ki, sevgi ilə xatırladığım Lətif müəllimlə tanışlığım həyatımı tamamilə dəyişdi...”.
“Qızmar günəş altında” filmi Həsən Seyidbəylinin “Kənd həkimi” povesti əsasında 1957-ci ildə lentə alınıb. Ekran əsərində əsas obrazlar gənc kadrlar üçün nəzərdə tutulduğu üçün sınaq çəkilişlərinə qatılan gənclərin oyun tərzləri müəlliflər tərəfindən xüsusilə saf-çürük edilirdi. Bu gənclərin çoxunu – əsərin qəhrəmanı gənc həkim Aydın rolunu ifa edən Əkbər Fərzəliyevi, komsomolçu qızlardan Gülpərini oynayan Sürəyya Qasımovanı, Nərminəni canlandıran Tofilə Ələsgərovanı (filmə çəkilən il orta məktəbi bitirib), Gülnaz rolunu oynayan Sara Manafovanı (televiziya studiyasında diktor), Fatma rolunda çıxış edən Z.Gəraybəyovanı (filmə çəkilən il 10-cu sinifdə təhsil alırmış) tamaşaçılar ilk dəfə olaraq ekranda görüblər.
Müəyyən çəkilişlərdən sonra Həsən Seyidbəyli Sürəyyanın debütü haqqında “Bu ki anadangəlmə Gülpəridir” deyir.
“Qızmar günəş altında” Sürəyyanın kinoda ilk işi idi və sözsüz ki, qısa zamanda uğur qazanmasına, tanınmasına səbəb oldu. Sürəyya xanımın xatirələrindən oxuyuruq: “Filmin çəkilişlərinə gedirdim, amma bunu anamdan gizlədirdim. Bir dəfə anam dayımla Moskvaya gedir. Birdən afişada şəklimi görür. Dayıma deyir ki, ay Cəfər, bir bax, bizim Sürəyyaya necə oxşayır? Dayım gülür, sonra anama hər şeyi açıb danışır. Bax, kino belədir, hamı tanıyır, bilir, sevir... Tək Gülpəri rolundan sonra mənə nə qədər şeir həsr ediblər. Düşünürəm ki, ikinci rolum da uğurlu oldu. Ən əsası, mən sevgi ilə, var qüvvəmlə oynadım. Rejissorun tələblərini olduğu kimi icra etdim”.
Afət-Şəfiqə-Fəridə və son...
1958-ci ildə böyük ekrana çıxan “Kölgələr sürünür” filmində də Sürəyya Qasımova rol alır. Macəra janrlı dramatik filmdə arxeoloqların həyatından bəhs olunur. Ekran əsərində elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən danışılır, müxtəlif yollarla alimlik adı almış, cəmiyyətimizə yad olan adamlar ifşa edilir.
Filmdə Afət rolu ilə tamaşaçı qarşısına çıxan Sürəyya Qasımova nikbin, əzmkar və səmimiyyət dolu gənc tədqiqatçı obrazı ilə dövrünün gənclərini mübarizəyə səsləyir. Həvəskar aktrisanın tələbəlik dövrünə təsadüf edən gərgin çəkilişlər, müxtəlif səhnələrin ölkənin fərqli bölgələrində çəkilməsi onun təhsilinə mane olmur və əsas məramı əlaçılıqla diplom almaq olan Sürəyya Qasımova 1958-ci ildə institutu yüksək göstəricilərlə bitirib elə orada da laborant vəzifəsində işə başlayır. Bir müddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin edirlər.
Sürəyya xanımı biz sonradan tammetrajlı “Aygün” film-poemasında Şəfiqə rolunda görürük. Rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılan bu filmdə hadisələr təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.
Bəstəkarlıq fakültəsinin tələbələri Aygünlə (Nəcibə Məlikova) Şəfiqənin (S.Qasımova) dostluğu, xoş münasibəti, ən əsası da qadın kimi həmrəyliyi film boyu tamaşaçıda səmimi dostluğa inam ifadə edir.
Sürəyya xanım “Yeni il gecəsində” adlı qısametrajlı bədii filmdə də çəkilib. 1958-ci ildə ekranlaşdırılan bu nümunə bəstəkar Rüstəmin evində baş verən yanğın hadisəsini ekrana daşıyır. Ssenari müəllifi və rejissoru Mirzə Mustafayev olan filmdə Sürəyya xanım bəstəkar Rüstəmin (L.Məmmədbəyov) həyat yoldaşı Fəridə obrazındadır. Maarifləndirmə xarakterli film Dövlət Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilib. Dövrün sevilən aktyorları Münəvvər Kələntərli, Lütfi Məmmədbəyov, Barat Şəkinskayanın rol aldığı film irihəcmli musiqi əsəri sifarişi alan və bütün həyatını, parlaq gələcəyini o musiqi nümunəsindən alacağı qonorara bağlayan gənc ailənin ümid və həyəcan dolu Yeni il axşamı yanğından xilas edilən musiqi partituralarından bəhs edir.
Yəqin ki, yuxarıdakı xronologiya sizin də diqqətinizi cəlb etdi. 4 film və bir-birinə yaxın illər. Vəssalam.
Beləcə, parlaq aktrisa ola biləcəyinə şübhə edilməyən Sürəyya, sevgi ilə bağlandığı həyat yoldaşının istəyi ilə bir daha kinoya çəkilmir, bütün enerjisini tədrisə və gözünün ağı-qarası bircə oğlunun böyüməsinə həsr edir. Amma ömrünün sonunadək nə çəkildiyi filmlərin həyəcan dolu xoş xatirələri, nə də heç kimə etiraf edə bilmədiyi kinoaktrisa olmaq həsrəti onu tərk etmir.
Sürəyya Qasımova 2005-ci ilin qızmar yay günündə, 23 iyul tarixində dünyasını dəyişir.
Həmidə Nizamiqızı