Bu il milli maarifçilik tariximizdə məxsus yeri və rolu olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyidir.

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynovanın təşəbbüsü ilə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə universitetdən məlumat verilib.

Qonaqlar əvvəlcə foyedə Qərbi Azərbaycan ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyət dövrünü əks etdirən fotosərgi ilə tanış olub, Filologiya fakültəsi tələbələrinin ifasında rəqslərə tamaşa edib, şeirlər dinləyiblər.

Tədbiri açan ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyəti, keçdiyi şərəfli inkişaf yolu haqqında danışıb, məktəbin görkəmli məzunlarının adlarını xatırladıb.

Diqqətə çatdırılıb ki, 1924-cü il oktyabrın 15-də İrəvanda azərbaycanlı maarifpərvər ziyalıların, qeyrətli alim və müəllimlərin səyləri ilə yaradılan tədris ocağı erməni şovinizmi əhatəsində milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində müstəsna rol oynayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov və Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli milli-tarixi irsimizin tədqiqi və təbliği, xüsusən Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bu istiqamətdə ADPU-da bir çox layihələrin həyata keçirildiyi, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, Qərbi Azərbaycan İcması üzvlərindən professorlar Vahid Novruzov, Əvəz Ələkbərov, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Səyyad Aran, Ramil Həsən, Məlahət İbrahimqızı və başqaları çıxış edərək İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin Qərbi Azərbaycanda milli maarifçilik mühitinin inkişafında rolu, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə söz açıblar.

Tədbirdə həmçinin ADPU-nun Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və dosent Cəlal Allahverdiyevin müəllifi olduqları “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı təqdim olunub. Kitabda 1924–1948-ci illərdə fəaliyyət göstərən və Qərbi Azərbaycandakı milli məktəblərimizin pedaqoji kadrlarla təmin olunmasında müstəsna rolu olmuş məktəbin yaranması, inkişafı və məzunlarından bəhs edilir.

ADPU tələbələrinin hazırladıqları İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi haqqında slayd-film də maraqla qarşılanıb.