Ərtoğrol Cavidin anadan olmasının 105 illiyinə
Oktyabrın 22-də dahi şair-dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin (1919–1943) anadan olmasının 105 illiyi tamam oldu. Bu istedadlı gəncin zəkası, bacarıqları, intellekti müxtəlif istiqamətlərdə təzahür etmişdi – o, rəssam, şair, folklorşünas, tərcüməçi, musiqişünas, bəstəkar idi.
Ərtoğrol Cavid cəmi 24 il yaşadı... Cavidlər ailəsinin başına gətirilənlər, məhrumiyyətlər onsuz da qısa olan bu ömrü bir az da çətinləşdirmişdi. Təlatümlü hadisələrin ağuşunda gəncliyini doya-doya yaşaya bilməyən Ərtoğrol bütün bunlara baxmayaraq, təhsilini axsatmamış, tədqiqatlar aparmış, yazıb-yaratmışdı. Bu çalışqanlığın, zəhmətkeşliyin nəticəsidir ki, fiziki həyatı qısa olsa belə, yaradıcılıq, sənət ömrü, əsərlərinin həyatı uzun olmuş, hər zaman tədqiqatçıların diqqətini cəlb etmişdir.
Valideynin istedadı övladında dincəlir, deyiblər. Amma Ərtoğrol Cavidin nümunəsində biz bunun əksinin şahidi oluruq. O, Hüseyn Cavidin oğlu olması ilə həmişə fəxr etmiş, lakin atasının şöhrətinə arxalanmamış, öz istedadının hesabına hörmət və rəğbət qazanmışdı. Bir çox hallarda imzasını sadəcə, “Ərtoğrol” kimi yazmasının səbəbi də öz bilik və bacarığı sayəsində ad qazanmaq, təsdiq olunmaq istəyi idi. O, usanmadan çalışmış, atasına layiq övlad kimi yetişmişdi.
1940-cı illərin əvvəllərində Azərbaycan Dövlət Konservatoriyasında Ərtoğrol Cavidlə birgə təhsil alan bəstəkar Cahangir Cahangirov onun həyat mövqeyini sonralar belə xatırlayırdı: “Ərtoğrol tələbələrin içərisində ən yüksək mədəniyyətlisi, təvazökarı, sakiti idi. Çox gözəl piano çalırdı. Mən sonra bildim ki, Ərtoğrol Azərbaycanın dahi dramaturqu, şairi Hüseyn Cavidin oğludur. O özü bu barədə qətiyyən bir söz deməzdi”.
Hələ Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərdə ona dərs demiş akademik Məmməd Cəfər tələbəsi haqqında demişdi: “Mən ona qibtə edirdim. O yaşda o qədər geniş biliklərə malik olması təqdiredici idi. Əlbəttə, yaşla biliyi ölçməzlər. Amma, hər halda, o, heyranedici idi, onun çalışqanlığı, mütaliəsi və hərtərəfli inkişaf etmiş adam olması çox yaxşı təəssürat yaradırdı”.
1941-ci ildə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Bakı Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olan Ərtoğrol haqqında müəllimi – dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir Hacıbəyli də təxminən eyni düşüncələrdə idi.
O vaxt konservatoriyada Musiqi elmi-tədqiqat kabinetinin fəaliyyətinə cəlb edilmiş Ərtoğrol barədə kabinet rəhbəri, görkəmli müğənni Bülbül də çox yüksək fikirdə olmuşdur. Ərtoğrol bu kabinetin işində çox böyük həvəslə iştirak etmiş, Bülbül ilə bərabər folklor nümunələrini toplamaq məqsədilə Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən ekspedisiyalara qoşulmuş, 200-dən çox el havasını nota köçürmüş, öz yaradıcılığında onlardan faydalanmış və gözəl əsərlər yaratmışdı.
Ərtoğrol Cavid hərtərəfli gənc idi: o, müxtəlif əsərlər, pyeslər yazmaqla bərabər, mahnılar da bəstələmiş, rəsmlər çəkmiş, tərcümələr etmişdi. Onun yaradıcı əməyinin nəticəsi olan nə varsa, belə deməyə əsas verir ki, Ərtoğrol Cavidin vaxtsız vəfatı istər ədəbiyyatımız, istər musiqi sənətimiz, istərsə də təsviri sənətimiz üçün böyük itki olmuşdur.
İllər ötmüş, zaman keçmiş, obrazı gözümüz önündə daim bir gənc kimi canlanan istedadlı şair, rəssam, folklorşünas və musiqi tədqiqatçısı Ərtoğrol Cavidin də ölümsüzlük yaşının üstünə yaş gəlmiş və o bizim zəmanənin illəri ilə yaşa dolduqca, daha da sevilmiş, qəlblərdə taxt qurmuşdur. Bu gün onun irsi ilə yenidən tanış olduqca hər dəfə yeni nəsə kəşf edir, gənc ikən həyatdan köçməsinə baxmayaraq, milli-mənəvi yaddaşımızda yaşlanmış, sanki qocaman bir şəxsiyyət kimi qarşımıza çıxmış bu dahidən nəsə öyrənməyə çalışırıq.
Cavidsevərlər üçün 2024-cü il respublikanın elmi-mədəni həyatında bir çox yaddaqalan, sevindirici məqamlarla yanaşı, Ərtoğrol Cavidin 105 illik yubileyi ilə də əlamətdardır.
Bu yubileyin işığında Ərtoğrol Cavid irsinin tədqiqi və təbliği naminə görülən işləri, qısaca da olsa, yada salmaq istərdik. Hüseyn Cavidin Ev-Muzeyinin kollektivi olaraq Ərtoğrol Cavidin həyat və yaradıcılığını özündə əks etdirən, tərtibçisi olduğumuz “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik külliyyat araya-ərsəyə gətirilmişdir. Bu seriyanın ilk nəşri “Ərtoğrol Cavidin musiqi əsərləri” adlı kitab (tərtibçisi G.Babaxanlı) olmuşdur. Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə nəşr olunmuş not nəşrinə bəstəkarın “Eşq olsun”, “Sonatina”, “9 variasiya” (fortepiano üçün), “Noktürn”, “Quşlar”, “Ballada”, “Səninlə olaydım”, “Sevgili yar gəlmiş idi”, “Gəl” və s. əsərləri toplanmışdır. Seriya “Cavid ocağının istedadla nurlanmış övladı”, “Ərtoğrol Cavid və Qarabağ” və “Ərtoğrol Cavid və Nizami irsi” kimi kitabların çapı ilə davam etdirilmişdir.
Muzey tərəfindən Ərtoğrol Cavidin 105 illiyi münasibətilə də iki nəşr hazırlanmışdır: bunlardan biri “Cavidlər” adlı albom-təqvim, digəri isə “İyirmi dörd illik əbədiyyət” adlı kitabdır. Bununla yanaşı, muzeydə bir sıra yubiley tədbirləri, sərgi və görüşlər təşkil olunmuş, Ərtoğrol Cavid haqqında materiallar oxucuların ixtiyarına verilmişdir.
Gülbəniz Babaxanlı
Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi