“Tikmə sənəti” beynəlxalq elmi konfransı gedişində bəzi iştirakçıların tədbirlə bağlı qısa fikirlərini öyrəndik.

Qırğızıstanlı mütəxəssis Aida Alimova: “İlk növbədə, yüksək təşkilatçılığa və peşəkar mütəxəssislərin iştirakına görə təşəkkür edirəm. Bütün muzeylər üçün mühüm olan qoruma, bərpa, qədim əl sənəti olan tikmənin populyarlaşdırılması mövzusunda fikir mübadiləsi aparırıq. Mən artıq ikinci dəfədir Azərbaycan Milli Xalça Muzeyindəyəm. Muzeyin yenilikləri, kolleksiyanın dolğunlaşması bir muzey əməkdaşı kimi məni heyran edir. Bu da onu göstərir ki, xalqınız qədim tarixə malikdir. Konfrans bizə bir daha əməkdaşlıq etmək və tədqiqatlarımızı bölüşmək imkanı yaradır”.

Rusiya Dövlət Şərq Muzeyinin əməkdaşı Yekaterina Şinkaryova: “Belə bir konfransda iştirak etmək mənim üçün çox maraqlıdır. Elə ilk gündən bizim kolleksiyamızla bağlı maraqlı məqamları aşkar etdik. Məlum oldu ki, muzeylərimizdə ölkələrimizlə əlaqəli eksponatlar qorunur. Eyni zamanda konfransda ümumi ideya, fikir və problemlər müzakirə edilir, birgə işlər barədə fikir mübadiləsi aparırıq. Bu gün Rusiyada tikmə sənəti inkişaf edir, bacarıqlı ustalarımız bu sənəti unudulmağa qoymurlar”.

N.İ.Feşin adına Kazan İncəsənət Məktəbinin direktor müavini Dilarə Kamalova: “Dekorativ-tətbiqi sənətin tikmə növünün bu gün beynəlxalq konfrans səviyyəsində təbliğ edilməsindən məmnunuq. Konfransda elmi əhəmiyyətli məruzələr təqdim olunur. Öyrənilməli, təcrübəni bölüşməli məqamlar çoxdur. Mən bu konfransda dəri üzərində tikmə təcrübəsi ilə bağlı məruzə ilə çıxış edəcəyəm. Təbii dəri üzərində tikmə sənətinin də maraqlı mövzu olduğunu düşünürəm”.

Lalə