Beynəlxalq konfransda tikmə sənəti ilə bağlı maraqlı məruzələr dinlənildi
Xəbər verdiyimiz kimi, 16-18 oktyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Tikmə sənəti” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfrans Milli Xalça Muzeyi və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə reallaşdı.
Oktyabrın 16-da konfransın açılışında çıxış edən Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, konfransın əsas məqsədi dünya xalqlarının ortaq mirası olan tikmələrlə bağlı tədqiqat işlərini genişləndirmək, faydalı fikir və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd olundu ki, dekorativ-tətbiqi sənət növü olan bədii tikmənin qədim tarixi var. Geyim üzərində, habelə məişət əşyalarından pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunub. Hazırda dünyada bədii tikmə növünü yaşadan rəssam və sənətkarlarla yanaşı, bu sahədə tədqiqatlar aparan mütəxəssislər, həmçinin Azərbaycan Milli Xalça Muzeyi kimi ixtisaslaşmış mədəniyyət müəssisələri fəaliyyət göstərir.
Diqqətə çatdırıldı ki, konfransa Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tədqiqatçılar qatılıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov qədim irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində muzeylərin mühüm rolunu vurğuladı. Dedi ki, bu cür beynəlxalq tədbirlər ölkələr arasında mədəni əlaqələri daha da gücləndirir, maraqlı birgə layihələrin həyata keçirilməsi üçün yeni ideyaların yaranmasına, təkliflərin irəli sürülməsinə vəsilə olur.
C.Səlimxanov xalça və tikmələrdə naxış və ənənələrin qorunması və muzeylərdə təbliği istiqamətində fikirlərini bölüşdü. O, Azərbaycanın Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan edildiyini diqqətə çatdıraraq bildirdi ki, gələn il bu çərçivədə həyata keçiriləcək tədbir və layihələr də mədəni əməkdaşlığa mühüm töhfə olacaq.
Dünya xalqlarının bədii tikmə ənənələri
Konfrans Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktoru professor Kamola Akilovanın moderatorluğu ilə “Dünya xalqlarının bədii tikmə ənənələri” mövzusunda sessiya ilə davam etdi.
İrina Jukova “Rusiya naxışlarda: güləbətin tikmə sənətinin ənənələri və müasirliyi”, Mira Məmmədxanova “Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasından XVII–XVIII əsrlərə aid iki ədəd unikal tikmə haqqında”, Qazaxıstandan Bakıtgül Nurqojina “Tətbiqi sənətdə dekor etnik kimliyin əlaməti kimi” mövzularında məruzə etdilər.
Konfrans çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına yeni daxil olan XVII əsrin sonu – XVIII əsrin əvvəlinə aid iki bədii tikmə nümunəsi də təqdim edildi. Hər iki nadir tikmə nümunəsi Qarabağ sənətkarlarının əl işidir. Kətan, yun və ipəkdən hazırlanmış birinci tikmə örtmə texnikasındadır. Bu tikmə parça üzərinə çəkilmiş rəsm vasitəsilə icra olunub. Tikmənin ara sahəsi qəhvəyi rəngdədir və mərkəzində memarlıqda geniş istifadə olunan üç böyük, iki kiçikölçülü səkkizguşəli medalyon təsvir edilib.
Digər eksponat isə Qarabağda hazırlanmış tikmənin fraqmentidir. Ara sahənin tünd-qəhvəyi rəngli yerliyində Qarabağın “Xətai” çeşnisinin bir hissəsi təqdim edilir. Kompozisiyaya xas ağ yerlikli qolların üzərində budağabənzər qarmaqvari elementlər, onların ətrafında isə stilizə edilmiş həndəsi elementlər və qoruyucu məna daşıyan əjdaha təsvirləri verilib.
Lokal tikmə məktəbləri
Konfransın “Müxtəlif ölkələrin lokal tikmə məktəbləri” adlı sessiyasında özbək mütəxəssis Kamola Akilova “Teymurilər dövründə Orta Asiya tikmələri: bədii xüsusiyyətlərin formalaşması problemi (miniatürlər və yazılı mənbələr əsasında)”, Polina Korotçikova “Dövlət Şərq Muzeyinin kolleksiyasında Qacar tikmələri” (Rusiya), ölkəmizdən Könül Zeynalova “Azərbaycan Milli İncəsənət Muzeyinin tikmə kolleksiyası” mövzusunda məruzə etdilər.
Kamola Akilova qeyd etdi ki, Teymurilər dövrünün miniatür sənət əsərlərində zadəganların geyimlərində, at bəzəklərində, interyer və çadır bəzəklərində xüsusilə qızılı tikmələri görmək mümkündür. Onlar ornamental dekorasiyanın özünəməxsusluğunu, Teymurilər dövrünün imperiya üslubunu və yerli xüsusiyyətlərini çatdıraraq Şərqin digər bölgələrinin bədii ənənələrinin təsirini əks etdirirlər.
Könül Zeynalova bildirdi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin fondunun tikmə bölməsində 1724 mühafizə vahid eksponatlardan ibarət zəngin kolleksiya var.
Rusiyanın Dövlət Şərq Muzeyinin baş elmi işçisi Polina Korotçikova da muzeyin fondlarında zəngin tekstil kolleksiyasının qorunduğunu və bunun ən az öyrənilmiş hissəsinin Qacarlar dövrü tikmələri və toxuculuq məmulatları olduğunu dedi. Bildirdi ki, bu nümunələr muzeyə 1920–1930-cu illərdə müxtəlif toplulardan daxil olub və hazırda “Süqutun təmtərağı: Qacarlar dövrünün incəsənəti” sərgisində nümayiş etdirilir. Bunların arasında İranın Kirman, Rəşt və Yəzd bölgələrinin tikmə məktəblərini qeyd etmək olar. Bu naxışların təyinatı müxtəlifdir: onların arasında Qacar gerbi olan məxmər panel də maraq doğurur.
Bərpa və konservasiya məsələləri
“Tikmələrin bərpa və konservasiyası” mövzusunda üçüncü sessiyada (moderator Yalçın Səlimov) İranə Allahverdiyeva “Azərbaycanda bədii ipək məmulatlarının bərpa problemləri” mövzusunda məruzə etdi. O, bədii ipək nümunələrinin elmi bərpa və konservasiyası, Mədəniyyət Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bu istiqamətdə görülən işlər və bərpa təcrübəsindən danışdı.
Olqa Konoplyovanın “Belarus Respublikası Milli Rəssamlıq Muzeyinin kolleksiyasından tikmə ilə bəzədilmiş eksponatların bərpası” və Yuliya Xrebtova, Darya Klüçnikova və Nataliya Sinin (hər üçü Rusiyadan) “Dövlət Bərpa üzrə Elmi-Tədqiqat İnstitutunun Tətbiqi incəsənət əsərlərinin elmi bərpası şöbəsində tikmə elementli muzey eksponatlarının bərpası” mövzularında məruzələri də maraqla dinlənildi. Sessiyaların sonunda məruzələrlə bağlı fikir mübadiləsi aparıldı.
Ənənəvi geyim bəzəyi
Beynəlxalq konfrans oktyabrın 17-də işini davam etdirdi. Aida Alimovanın moderatorluğu ilə “Tikmə ənənəvi geyim bəzəyi kimi” adlı sessiyada Tamta Qrdzelişvili “Gürcüstanda ənənəvi geyimlərin bəzəyi – tikmə (Gürcüstan İncəsənət Sarayının eksponatları əsasında)”, Sofya Şaşunova “XIII-XIV əsrlərdə Monqol imperiyasının geyimlərində tikmə”, Aleksandr Uşakov “Milli geyimdə tikmə: naxışlar, dekor, simvolika” (Orenburq Qubernator Muzeyinin milli geyim kolleksiyası əsasında), Zarema İbrahimova “Xan qızı, şairə Xurşidbanu Natəvanın unikal əl işləri” mövzularında məruzələr dinlənilib.
Həmin gün “Tikmə sənəti müasirlik kontekstində” adlı sessiya da reallaşdı. İrina Jukovanın moderatoru olduğu sessiyada İqor Malkiel “İnklüziv sərgilər kontekstində tikmə sənəti”, Binafşa Nodir “Daşkənd tikmə məktəbi: unutqanlıqdan yeni şəfəqə”, Dilarə Kamalova “Tatar tikmələrinin müasir interpretasiyası” (N.İ.Feşin adına Kazan Rəssamlıq Məktəbi tələbələrinin əl işləri əsasında), Anna Potapova “Fond əşyası – muzey suveniri. Leninqrad vilayətinin muzeylərində tikmə”, Turan Həsənova “Qurama sənətinin ifadəsi” mövzusunda məruzə etdilər.
Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olundu.
***
Oktyabrın 18-də – konfransın sonuncu günündə qonaqlar Azərbaycan Milli Xalça Muzeyinin fondunda qorunan bədii tikmə nümunələrinə baxdılar. Həmçinin muzeyin Bərpa, Ənənəvi texnologiya və Uşaq muzeyi şöbələri ilə tanışlıq oldu.
L.Azəri