Bölgələrdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirlər təşkil edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı tədbir keçirilib.
Qeyd olunub ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, tariximizdə şanlı iz qoyub. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa edərək Cümhuriyyətin varisi olduğunu bir daha dünyaya bəyan edib. Müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşib, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşub. Ölkəmizdə davamlı sabitlik və inkişafın təməli qoyulub.
Tədbirdə əlamətdar günə həsr olunmuş videoçarx nümayiş etdirilib, məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
***
Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Salyan Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Neftçala Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərgi, açıq dərs və digər tədbirlər keçirilib.
Çıxışlarda dövlət quruculuğu istiqamətində görülən böyük işlərdən və Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib, respublikamızın iqtisadi və mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışılıb.
***
Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Dövlət müstəqilliyimiz – ən böyük sərvətimiz!” mövzusunda tədbir təşkil edilib. Ümummilli liderə həsr olunan “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.
***
Lənkəran Mərkəzi Kitabxanasında “Müstəqillik yollarında uğurlu addımlar” mövzusunda tədbir keçirilib. Tədbirdə iştirakçıların bu günün tarixi mahiyyəti haqqında çıxışları dinlənilib. Bədii hissədə şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə “Müstəqillik yollarında” adlı videoçarx nümayiş etdirilib. Direktor Anar Kəkəyev müstəqillik tariximiz haqqında söz açıb. “Babalar” xor kollektivi, Mamusta Mədəniyyət evi və Münəvvər Kələntərli adına şəhər klubunun bədii qiraətçilərinin ifasında şeirlər səsləndirilib, mahnılar ifa olunub.
***
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə bildirilib ki, müstəqil müasir Azərbaycan dövləti Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Dahi siyasətçinin dövlətçilik yolunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizin hərtərəfli inkişafı təmin edilib.
***
Müstəqilliyin Bərpası Günü münasibətilə Şəki-Zaqatala, Qarabağ, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur RMİ-lərin tabe müəssisələrində də silsilə tədbirlər təşkil olunub.
Hazırladı: N.Məmmədli