Lənkəran Dövlət Dram Teatrı ölkədaxili qastrol proqramına uyğun olaraq, 29-30 oktyabr tarixlərində Bakıda olacaq.

Yaradıcı heyət əvvəlcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin – “Tanrı quşu gəlmədi” tamaşasının premyerasını keçirəcək. Ertəsi gün isə Lənkəran teatrının repertuarından “Casus” təqdim olunacaq.

Yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan “Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.

Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi – ömrünün bu ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...

Amma Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Çünki quş dilini də bilmir. Tanrı quşunu Allahın insana əmanəti olan vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar.

Psixoloji-dram janrlı səhnə əsərinə teatrın baş rejissoru Anar Babalı quruluş verib.

Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar Aydan Əliyevadır. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova,  Mələykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və  Zeynal Məmmədzadə ifa edirlər.