Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “40 ayə” yarışması keçirilib.
İnstitutdan bildirilib ki, müsabiqə Aİİ-nin tələbələri arasında baş tutub.
Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri təmsil olunublar.
İnstitutun rektoru dosent Aqil Şirinov tələbələrin dini, dünyəvi biliklərə yiyələnməsi istiqamətində Aİİ-nin fəaliyyətini vurğulayıb. Rektor bildirib ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
“40 ayə” yarışmasında birinci yerə islamşünaslıq ixtisasının I kurs tələbəsi Elvin Qurbanov, ikinci yerə islamşünaslıq ixtisasının IV kurs tələbəsi Rauf İbrahimxəlilov, üçüncü yerə isə dinşünaslıq ixtisasının IV kurs tələbəsi Zeynəb Xəlilli layiq görülüb.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar keçirilir.