ADY ilk “Dayanıqlılıq hesabatı”nı təqdim edib
Bu gün dünyada qlobal iqlim dəyişikliyinin doğurduğu fəsadlar və ətraf mühit problemləri kontekstində qarşıda duran başlıca məsələlərdən biri atmosferə karbon qazının buraxılmasının (emissiya) azaldılması (dekarbonizasiya) ilə bağlıdır. Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da müzakirələrin mühüm istiqaməti bu barədə olacaq. Bununla bağlı nəqliyyat sahəsində dekarbonizasiya hədəfləri də ayrıca önəm kəsb edir. Nəqliyyat növləri arasında bu xüsusda ən qabaqcıl mövqedə dəmir yolu nəqliyyatıdır.
Bu barədə oktyabrın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkil etdiyi “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzulu tədbirdəki çıxışlarda söhbət açılıb.
Tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial məsuliyyət və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərə dair ilk hesabatının təqdimatına həsr olunub.
2023-cü ili əhatə edən hesabatda Azərbaycanda dayanıqlı nəqliyyatda, xüsusilə dəmir yollarında yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, bu istiqamətdə atılacaq addımlardan ətraflı bəhs olunur.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıq və dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamlarını diqqətə çatdırıb. Dünyada olduğu kimi, ölkəmizdə də elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artdığını bildirən nazir müavini qeyd edib ki, hazırda ölkə üzrə 184 enerji doldurma məntəqəsi fəaliyyət göstərir və bu say artırılacaq.
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın önəmi, bu sahədə beynəlxalq təcrübələr və 2030-cu ilədək Milli Prioritetlər, həmçinin Azərbaycanın yaşıl innovasiya sektorunda artan rolu haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Elnur Soltanov onu da diqqətə çatdırıb ki, COP29-a ev sahibliyi edəcək Azərbaycan tərəfindən “milli töhfələr sənədi” hazırlanır və sənəddə öhdəlikləri və iqlim fəaliyyət planları və öhdəlikləri ilə bağlı mühüm hədəflər əksini tapacaq.
Qeyd olunub ki, Azərbaycanda karbon emissiyalarının təqribən 15 faizi nəqliyyatla bağlıdır ki, burada da ən göstərici (1 faiz) dəmir yollarının payına düşür. Başqa sözlə, dəmir yolları ətraf mühit üçün ən təmiz nəqliyyat növüdür.
Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunaraq bildirib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Dəmir yolu nəqliyyatı üzrə qlobal karbon emissiyasının ən az səviyyədə olması bizim üçün həm də bir məsuliyyətdir: “Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır”.
R.Rüstəmov diqqətə çatdırıb ki, 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
Tədbirdə ADY-nin tərəfdaşlıq etdiyi Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder də çıxış edib. O, qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, ADY-də onun reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib.
Çıxışların ardınca ADY-nin ilk “Dayanıqlılıq hesabatı” ilə bağlı qısa film-təqdimat olub.
Daha sonra ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder tərəfindən iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.