Milli Kitabxananın dövri mətbuat arxivindən (27)

 

Bu il Azərbaycan ədəbiyyat və teatr tarixinin görkəmli siması, böyük dramaturq, istedadlı şair, yazıçı-publisist Cəfər Cabbarlının (1899–1934) anadan olmasının 125 illik yubileyidir. Cəfər Cabbarlının zəngin yaradıcılığı hələ sağlığında yüksək qiymət almışdı. Vəfatından sonra isə yubileyləri, xüsusilə sovet dövrünün ideoloji ədəbiyyat meyarları kontekstində geniş şəkildə qeyd olunub. 1969-cu ildə ədibin 70 illiyi Sovet İttifaqının paytaxtında təntənə ilə keçirilmişdi.

Mətbuat xronikasından növbəti seçmələrimiz bu barədədir. “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrində 55 il əvvələ qayıdaq...

 

Xalqlar dostluğunun alovlu tərənnümçüsü

İttifaqlar evinin Sütunlu salonunda C.Cabbarlının xatirə gecəsi

 

Alovlu beynəlmiləlçi, sovet adamlarının dostluğunu və qardaşlığını ilhamla tərənnüm edən görkəmli Azərbaycan yazıçısı Cəfər Cabbarlı bütün sovet xalqlarının hörmət və məhəbbətini qazanmışdır. Azərbaycan sovet dramaturgiyasının banisi C.Cabbarlının anadan olmasının 70 illiyinə həsr edilmiş şənliklər Vətənimizin qırmızı ulduzlu paytaxtı Moskvada təntənəli gecə ilə başa çatmışdır.

İttifaqlar evinin ağ mərmərli Sütunlu salonu bayramsayağı bəzədilmişdi. Səhnənin dərinliyində C.Cabbarlının böyük portreti görünürdü.

SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi Anatoli Sofronov gecəni açaraq dedi: hər şey vaxtla ölçülür... Coşqun, ehtiraslı ürəyə malik olan, yorulmaq nə olduğunu bilməyən, xalqının gözəl sifətlərini özündə əks etdirən Cəfər Cabbarlı az yaşadı... Onun yaradıcılıq həyatının hər bir ili Azərbaycan xalqına, Vətənimizin bütün xalqlarına ədəbiyyat inciləri bəxş edirdi. Gözəl dramaturq və yazıçı, Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlı qardaşlığımızın təməlini qoyanlardan biridir. Ona əbədi eşq olsun!

Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi, Xalq yazıçısı Mirzə İbrahimov Cəfər Cabbarlı haqqında söz söylədi. O dedi: Cəfər Cabbarlı Azərbaycan sovet dramaturgiyasının banisi, çoxəsrlik Azərbaycan ədəbiyyatının fəxridir. Xalqımızın yeni həyatı, sosialistcəsinə dirçəlişi onun zəngin, dərin və orijinal yaradıcılığında öz əksini tapmışdır.

SSRİ Xalq artisti Hökümə Qurbanova öz çıxışında unudulmaz dramaturq ilə görüşləri haqqında xatirələrini söylədi.

Ukrayna yazıçısı Aleksandr Dyaçenko dedi: Cabbarlının əsərlərində Azərbaycan xalqının həyatının ən müxtəlif cəhətləri öz əksini tapmışdır. Bu gün biz bütün bunlar üçün yazıçıya ehtiramımızı bildirir və onu Azərbaycan xalqını qardaş milli ədəbiyyatların ən yaxşı nailiyyətləri ilə tanış etmək üçün çox iş görən bir insan kimi dərin minnətdarlıqla xatırlayırıq.

Moskva yazıçısı Leonid Lenç dedi: C.Cabbarlının yaradıcılıq taleyi həqiqətən heyrətamizdir: o, cəmi 35 il ömür sürsə də, Azərbaycan ədəbiyyatının klassiki sayılır. Mən arzu edirəm ki, Moskvada milli pyes teatrı yaradılsın. Cabbarlının dramları həmin teatrın repertuarına xüsusi yaraşıq verərdi.

Özbək yazıçısı Rəhmət Feyzi dedi: Mən Moskvaya Daşkənddən, üç il əvvəl zəlzələdən zərər çəkən və dostların köməyi ilə bərpa edilən bir şəhərdən gəlmişəm. Şəhərimizin bugünkü simasi xalqlar dostluğunun gözəl təcəssümüdür. Görkəmli Azərbaycan yazıçısı Cəfər Cabbarlı bu dostluğun tərənnümçüsü idi. Daşkənddə Azərbaycan inşaatçıları tərəfindən ucaldılan evlər də vardır. Həmin evlər görkəmli özbək yazıçısı və musiqiçisi Həmzə Niyazinin adını daşıyan rayonda ucalır. Cəfər Cabbarlının yubileyi ərəfəsində Daşkənd Şəhər Sovetinin İcraiyyə Komitəsi həmin rayonun küçələrindən birinə məşhur Azərbaycan yazıçısının adını verməyi qərara almışdır.

Yazıçı M.Qaynullin dedi ki, Cəfər Cabbarlının yaradıcılığı Tatarıstanda bir çox illərdir ki, böyük şöhrət qazanmışdır.

Sergey Vasilyev Cəfər Cabbarlıya həsr etdiyi şeirini oxudu.

Həmin axşam salona toplaşanlar C.Cabbarlının yaradıcılığı ilə tanış oldular. Azərbaycan incəsənət ustalarının bayram konsertində M.Əzizbəyov adına Akademik Dram Teatrının “Almaz” tamaşasından, F.Əmirovun M.F.Axundov adına Akademik Opera və Balet Teatrında göstərilən “Sevil” operasından səhnələr ifa olundu. “Dönüş”, “Od gəlini” pyeslərindən monoloqlar, Cəfər Cabbarlının şeirlərinə yazılmış mahnılar oxundu...

Konsertin axırında respublikanın Əməkdar artisti N.Rzayevin idarəsi ilə Azərbaycan Radiosunun və Televiziyasının kamera orkestri bəstəkar Rauf Hacıyevin “Cəfər Cabbarlıya ithaf” əsərini ilk dəfə ifa etdi.

“Ədəbiyyat və incəsənət” qəzeti, 25 oktyabr 1969-cu il