Azərbaycan Kinematoqrafçılar İttifaqının ənənəyə çevirdiyi film nümayişləri yenidən davam edir. İttifaq bu dəfə (22 oktyabr) kinosevərləri “Nizami” Kino Mərkəzində “Yeni nəsil, yeni nəfəs, yeni nəzər” adlı kino gecəsində bir araya gətirdi.

Gənc və perspektivli dörd rejissor qısametrajlı bədii filmlərini tamaşaçı müzakirəsinə çıxarmışdılar. Bunlar Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Daniel Quliyevin “Uzaq”, Teymur Qəmbərovun “İki gün”, Novruz Hikmətin “Burada hələlik sakitlikdir” filmləri idi.

Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçən tədbirdə nümayişlərin ardınca hər film ətrafında müzakirə aparıldı.

Filmlərin yaradıcı heyətləri çəkiliş prosesi, filmlərin ideya və mövzuları barədə tamaşaçılara məlumat verdilər, onları maraqlandıran sualları cavablandırdılar.

Onu da qeyd edim ki, Azər Quliyev və Teymur Qəmbərovun filmləri Mədəniyyət Nazirliyinin 44 günlük Vətən müharibəsi ilə bağlı həyata keçirdiyi “Böyük Qayıdış” layihəsinin qalib işləridir.

“İkinci planetin qırmızı rəngi” filmi döyüş əməliyyatlarını təsvir edir. Biz maddi sıxıntılar içində olan və bu vəziyyətdən də qurtulmaq üçün müharibəyə gedən Musa ilə tanış oluruq. Onun keçmişi və gələcəyi… Sözsüz ki, arzuları var. Amma o, şəhid olur və biz bir gəncin müharibədən öncəki daxili mübarizəsi, sosial sıxıntıları və sonuncu monoloqu – ölüm ilə “qələbə”sini görürük...

“Burada hələlik sakitlikdir” filmi isə gənc cütlüyün müharibəyə münasibəti fonunda savaşın dəhşətlərini göstərir. Onlar şəhərdə sərhədə yaxın yerdə hotel otağında gecələyir və bu zaman müharibə haqqında fikirlərini bölüşürlər. Təbii ki, fikir ayrılıqları, mübahisələr, bəşəri mövzular az qala savaşın bir addımlığında qalan iki insanın düşüncələrinə hakimlik edir.

“İki gün” filmi Bakıda yaşayan kiçik bir ailənin həyatının iki gününü göstərir. Atasının qəfil itməsi və ətrafda baş verən hadisələr fonunda 22 yaşlı Fira bu vəziyyətdən çıxmağa və anasına kömək etməyə çalışır. Maraqlıdır ki, biz sona qədər Firanın atasının harada olmasını bilmirik. Sözsüz ki, hansısa cinayətə qurban gedə, yaxud da ailə münaqişəsinin həllini qaçıb yoxa çıxmaqda da görə bilərdi. Bütün hallarda biz bir ailənin timsalında müharibə ilə bağlı məqamları televiziyadakı xəbərlərdən (fraqmental) görürük. Yəni ailənin müharibəyə birbaşa dəxli yoxdur.

Dördlükdən ən diqqətçəkən iş “Uzaq” filmi oldu. Daniel Quliyev bu qısametrajlı işində, əslində, bir-birinə  doğma insanların – iki qardaşın soyuqluğunu, etinasızlığını göstərməyə çalışır.

Elnur (Murad Şükürlü) Bakıda tək yaşayır, müalicə alır. Şəhərə iş dalınca gələn qardaşı (Nurlan Rüstəmov) onun yanında məskunlaşır. Onunla  müqayisədə böyük qardaşı tamam fərqli subyektdir. Bu fərqli xarakterli insanlar bir yerdə yaşamağa başlayır.

Bu qardaşlar arasındakı soyuqluq, fərqlilik, bütün hallarda iki doğma insanın yadlaşma səbəbləri tamaşaçını nigaranlıqda saxlasa da, sonda onların atası həm də bir körpü rolunu oynayır.

Filmin mövzusunun mənəvi-psixoloji baxımdan aydın işlənməsi yaxşı təəssürat yaradır.

“London Film School” yetirməsi olaraq bundan əvvəl operator kimi bir neçə filmini maraqla izlədiyim D.Quliyevin tammetrajlı film rejissoru kimi də özünü sınayacağına inanmaq olar. Bu filmin mükəmməl operator işində və rəng həllində Orxan Abbasovun da əməyi böyükdür.

Sonda onu da bildirim ki, AKİ-nin nümayiş silsiləsi davam edəcək və hər dəfə müxtəlif mövzular əhatə olunacaq.

H.Nizamiqızı