Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misirlə Azərbaycan arasında mədəniyyət və təhsil körpüsü rolunu oynayır. Misirin Azərbaycandakı səfiri Hişam Naginin tam və davamlı dəstəyi ilə fəaliyyət göstərən Mərkəzdə müxtəlif mədəni tədbirlərlə yanaşı, hazırda ərəb dili və danışıq kursları, ərəb xəttatlığı, rəsm və piano dərsləri təşkil olunur.
Bunu müsahibəsində Mərkəzin direktoru Tariq Məhəmməd Əbul-Futuh bildirib.
Bir çox sahələrdə, o cümlədən mədəniyyət və təhsil sahələrində mövcud ikitərəfli əlaqələrdən danışan müsahibimiz Misir və Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanmış müqavilələrin bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.
“Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin misirli yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcüməsi barədə planı varmı?” sualına cavabında Tariq Məhəmməd mədəni qarşılıqlı əlaqədə bədii tərcümənin rolunu qeyd edib və bu sahədə müəyyən işlər görüldüyünü, bir neçə kitabın tərcümə olunaraq nəşr edildiyini bildirib.
Misir-Azərbaycan təhsil əlaqələrindən danışan misirli həmsöhbətimiz diqqətə çatdırıb ki, Ali Təhsil Nazirliyinin təqdim etdiyi təqaüdlər əsasında azərbaycanlı gənclər Misir universitetlərində təhsil alırlar. Eyni zamanda, misirli gənclər Azərbaycanın təqdim etdiyi təqaüd proqramlarından istifadə edərək Bakıda ali təhsilə yiyələnirlər.
Söhbətin sonunda Mərkəzin direktoru Azərbaycan xalqını və Prezident İlham Əliyevi qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.