Oktyabrın 21-də Vətən müharibəsi şəhidi Famil Əlizadənin xatirəsi yad olunub. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmailov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Salman Yunusov və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Ərkivan qəsəbəsində şəhidin məzarınız ziyarət ediblər. Ziyarətçilər şəhidin ailəsinə baş çəkib, qayğı və problemlərini öyrəniblər.

Famil Habil oğlu Əlizadə 1999-cu il mayın 3-də Masallının Ərkivan qəsəbəsində anadan olub. Vətən müharibəsində Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 22-də doğma qəsəbədə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Mil-Muğan RMİ-nin İmişli rayonu üzrə mədəniyyət müəssisələri və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Elməddin Əhmədzadənin xatirəsinə həsr olunmuş “Torpaq uğrunda ölən varsa...” adlı tədbir keçirilib.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şəhidin atası Uğur Əhmədzadə tədbirin təşkilinə görə rayon rəhbərliyinə və mədəniyyət işçilərinə təşəkkür edib.

***

Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Narınqala və Səməd Vurğun adına folklor evləri tərəfindən Vətən müharibəsi şəhidləri əsgər Toğrul Nağıyev və baş çavuş Elçin Nadirovun xatirəsi anılıb. Şəhidlərin həyat və döyüş yolundan söz açılıb, xalqımızın belə qəhrəmanlarla hər zaman fəxr edəcəyi bildirilib.

Şəhidlər haqqında filmləri nümayiş olunub.