Ağstafa rayon ümumtəhsil müəssisələrinin şagirdləri və onların valideynlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 münasibətilə intellektual yarış keçirilib.
Yarış Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Ağstafa RİH, Qazax-Tovuz RTİ-nin Ağstafa rayonu üzrə sektoru və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbində keçirilən tədbirdə iştirakçılar əvvəlcə qoruq ərazisindən aşkarlanmış maddi mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış olublar.
İştirakçılar “Yaşıl dünya naminə həmrəylik ili”, COP29, işğaldan azad olunmuş ərazilərdə bu sahədə aparılan işlər və s. mövzuda sualları cavablandırıblar.
Ağstafa rayon Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbinin “Füzuli” komandası I, Həsənsu kənd tam orta məktəbinin “Xocalı” komandası II, Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəbin “Zəngilan” komandası III yerə layiq görülüb.
Qaliblərə sertifikatlar, qoruğun çap məhsullarından ibarət hədiyyə paketləri təqdim olunub.