Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan səfirliyi tərəfindən alman memarlıq mütəxəssisi Hayke Maria Yohenninqin (Heike Maria Johenning) “Bakı memarlıq bələdçisi” kitabının təqdimatı keçirilib.
Mərasimdə çıxış edən səfir Nəsimi Ağayev Şərq ilə Qərbin qovuşuğunda, sivilizasiyaların təmas nöqtəsində yerləşən Bakının coğrafi mövqeyinin onun bənzərsiz memarlıq üslubuna mühüm təsir göstərdiyini vurğulayıb. Diplomat Bakının memarlıq incilərinin yaradılmasına alman memarların da öz töhfələrini verdiklərini xüsusi vurğulayıb. Bu xüsusda 1898-1902-ci illərdə Bakı şəhərinin meri olmuş alman mənşəli memar Nikolaus fon der Nonnenin şəhərin özünəməxsus memarlıq üslubunun formalaşmasında göstərdiyi xidmətlər qeyd edilib.
On il ərzində Bakının memarlıq üslubunu araşdırdığını deyən nəşrin müəllifi Hayke Maria Yohenninq Avropa memarlığının şəhərdəki izləri barədə geniş məruzə edib. Tədqiqatçı XIX əsrin sonu – XX əsrin əvvəllərində neft bumu dövründə sürətlə inkişaf edən Bakıda tikilən gözəl memarlıq inciləri barədə danışıb. Bu dövrdə “Art Nouveau” memarlıq üslubunun Bakı şəhərində yayıldığı vurğulanıb. H.Yohenninq ən müxtəlif memarlıq üslublarını özünəməxsus və ahəngdar şəkildə birləşdirən Bakının nadir gözəlliyi ilə daim fərqləndiyini bildirib.
Berlindəki “DOM“ nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilən kitabda Bakı şəhərinin memarlığının tarixi, inkişafı, görkəmli memarlıq nümunələri, alman memarlarının töhfələri barədə ətraflı məlumat verilir. Nəşrdə Bakının bənzərsiz memarlıq üslubunun tanınmış nümunələrinin fotoşəkilləri də oxuculara təqdim edilir.