Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
“Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı. Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – deyə məktubda bildirilir.
***
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkənin Bas naziri Viktor Orbana təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, qarşılıqlı inam və etimada əsaslanan və gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk.
“Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, – deyə məktubda vurğulanır.
23 oktyabr Macarıstanda dövlət bayramı – “Macarıstan İnqilabı Günü” kimi qeyd olunur. 23 oktyabr 1956-cı ildə Macarıstanda antisovet çıxışları başlanıb. SSRİ və “Varşava bloku” ölkələrinin hərbi kontingentinin Budapeştə yeridilməsi ilə bu üsyan yatırılıb.