Bir aya yaxındır ki, İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 26-da xalqa müraciətə bu sözlərlə başlamışdı.
Dövlət başçısının növbəti tarixi müraciəti Ermənistanın 27 il işğal altında saxladığı Qubadlı şəhərinin müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunması ilə bağlı idi.
Cəbhənin müxtəlif istiqamətlərində işğalçı erməni qüvvələrini qovaraq, uğurlu döyüş əməliyyatlarını davam etdirən Silahlı Qüvvələrimizin bölmələri Qubadlı şəhərinə 25 oktyabrda axşam saatlarında daxil olmuşdu. Ali Baş Komandan bunu ilk olaraq həmin axşam növbəti qalibiyyət tviti ilə xalqa çatdırmışdı.
Qubadlı Vətən müharibəsində Cəbrayıl, Füzuli və Zəngilandan sonra Azərbaycan əsgərinin ayaq basdığı və bayrağımızı ucaltdığı 4-cü rayon mərkəzi idi. Bu qalibiyyət Ordumuzun Laçın və Şuşa istiqamətlərində irəliləməsi üçün də mühüm zəmin idi.
Vətən müharibəsinin 30-cu günü idi. Böyük Zəfərə 14 gün qalmışdı...
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncamla 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təqvimimizə daxil olub.