Saziş üzərində işlərin qısa zamanda yekunlaşdırılması barədə təlimat verilib

 

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Görüşdən sonra yayılan məlumatda bildirilir ki, tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin öncəki görüşlərindən fərqli olaraq, budəfəki məlumatda tərəflər arasında xeyli vaxtdır müzakirəsi gedən və rəsmi açıqlamalarda mətninin əksər hissəsinin razılaşdırıldığı bildirilən sülh sazişinin adı da qeyd olunub. Bu isə düşünməyə əsas verir ki, Kazan görüşü prosesdə əhəmiyyətli irəliləyişə zəmin sayıla bilər.

Yeri gəlmişkən, Tatarıstan paytaxtının Ermənistan-Azərbaycan danışıqları üçün “evsahibliyi” yeni deyil.

19 il əvvəl, 27 avqust 2005-ci ildə MDB dövlət başçılarının Kazanda keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın ovaxtkı rəhbəri Robert Koçaryanla görüşü olmuşdu. 2011-ci il iyunun 24-də isə Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Prezident İlham Əliyevin Ermənistan lideri Serj Sarkisyanla görüşü keçirilmişdi. Hər iki danışıqlar raundu erməni tərəfin kompromissiz mövqeyi üzündən nəticəsiz qalmışdı. Heç bir güzəştə getməməyin real nəticəsini erməni tərəf 2020-ci ilin bu günlərində gördü.

Güman etmək olar ki, Paşinyan “gözü çıxmış qardaşları”nın aqibətlərindən hər halda ibrət alıb.