AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türk dillərinin funksional morfologiyası” adlı kollektiv monoqrafiyanın birinci cildi çap olunub.
Dilçilik İnstitutu Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları professorlar Nadir Məmmədli, İsmayıl Kazımov, filologiya elmləri doktoru Aynel Məşədiyeva, rəyçiləri professor Şükrü Haluk Akalın, filologiya elmləri doktoru Qətibə Mahmudova və dosent Elnarə Əliyevadır.
Funksional morfologiya qrammatikanın xüsusi növüdür. Dilə ənənəvi yanaşmadan daha geniş anlayışdır. Kollektiv monoqrafiyada dil funksional-semantik sahələr sistemi kimi təqdim olunub.
Kitabda müasir türk dillərinin morfoloji quruluşu təsvir olunub, nitq hissələrinin və onların qrammatik kateqoriyalarının ayrı-ayrılıqda xarakterik xüsusiyyətləri müəyyənləşdirilib.
Əsərdə ənənəvi morfologiyadan fərqli olaraq funksional morfologiya, eləcə də funksional-semantik kateqoriyaların, koqnitiv morfologiyanın, həmçinin morfosintaksisin də təhlilinə yer verilib.
Monoqrafiyadan dilçi alimlər, doktorantlar, türkoloji dilçilikdə türk dillərinin morfologiyası ilə məşğul olan hər kəs istifadə edə bilər.