AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik dərsliyi çap olunub.
İlk dəfə olaraq tək müəllifin bütünlüklə XX əsri əhatə edən dərsliyi bakalavr, magistr, doktorant və tədqiqatçıların ixtiyarına verilib. Dərsliyin 1-ci cildi Azərbaycan milli hərəkat (1890-1920), 2-ci cildi postcümhuriyyət və sovet (1920-1950), 3-cü cildi isə müstəqillik ərəfəsi və müstəqillik (1960-2020) dövrünü əhatə edir. Dövrün ədəbi prosesinə yeni meyarlarla yanaşılır və yeni konsepsiya təqdim olunur.
Dərslik-monorafiyada həm də XX əsr Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə konsepsiyası öz əksini tapıb. Nəşrdə ədəbiyyatın ayrı-ayrı inkişaf meyilləri, istiqamətləri, problemləri və hadisələri təhlil edilir. İlk dəfə olaraq bütöv bir əsrin ədəbi prosesi yeni Avropa tipli ədəbiyyat tarixçiliyi baxımından ideoloji meyarlarla deyil, ədəbi yöndən tərəfsiz araşdırılır.
Müəllif bir çox mürəkkəb, ziddiyyətli hadisələri, “izm”ləri, ədəbi cərəyanları, fərqli metodologiyanı və ədəbi prinsipləri özündə ehtiva edən yüzilliyin ədəbiyyatına özünəməxsus ədəbi, metodoloji kontekstdən yanaşıb.