Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən (ADPU) “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalib və xüsusi mükafatçıları üçün mentorluq proqramı davam edir.
ADPU-dan bildirilib ki, müsabiqə çərçivəsində qalib və xüsusi mükafatçı olmuş tələbələr universitet rəhbərliyi və struktur rəhbərlərindən təyin edilmiş mentorlarla görüşərək onların peşəkar təcrübələrindən faydalanırlar. Həmçinin tələbələr mütəmadi olaraq müxtəlif strukturların real iş fəaliyyətində iştirak edərək peşəkar və karyera inkişafları üçün əhəmiyyətli praktik səriştələr qazanmaq şansı əldə edirlər.
Layihənin keçirilməsində məqsəd bacarıqlı və yüksək potensiallı gənclərin müəyyən edilərək onların inkişafına dəstəyin göstərilməsi və universitetin gələcək kadr bankının formalaşdırılmasıdır.
Mentorluq proqramının bir il davam etməsi nəzərdə tutulub. Proqramı uğurla başa vuran tələbələr müvafiq referans məktubu əldə edəcəklər.
Qeyd edək ki, cari ildə keçirilmiş “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsində universitet və onun filiallarında təhsil alan ümumilikdə 1000-ə yaxın tələbə və magistrant iştirak edib. Dörd mərhələdən ibarət müsabiqənin yekununda qalib və xüsusi mükafatçı olan 20 tələbə 1000 AZN pul mükafatı, birillik xarici dil və IT kursları ilə yanaşı, eyni zamanda birillik mentorluq proqramında iştirak etmək şansı qazanıb.
Müsabiqənin növbəti illərdə də təşkil edilməsi nəzərdə tutulub.
“bp-Azərbaycan” şirkəti, “Prestij-S” Tədris Mərkəzi və “IT Brains Academy” müsabiqənin sponsorlarıdır.