Naxçıvan Dövlət Tarix Muzeyi – 100

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli sərəncamına əsasən, bu il muxtar respublikasının yubileyi müxtəlif səpkili silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlərin həyata keçirilməsində, muxtariyyət tariximizin öyrənilməsində və təbliğində elm, təhsil və mədəniyyət müəssisələri fəal iştirak edirlər. Həyata keçirilən tədbirlər sırasında muxtariyyət tarixinin muzeylər vasitəsilə öyrənilməsi və təbliği xüsusi yer tutur.

Oktyabrın 30-da muxtariyyətin yetirməsi olan Naxçıvan Dövlət Tarix Muzeyinin də yaradılmasının 100-cü ildönümü tamam olur. Əsrin dörddə birinə yaxın bir dövrdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru kimi Naxçıvanda muzey işinin tarixinin öyrənilməsi və tədqiqi ilə uzun müddət məşğul olmuş bir şəxs olaraq özümün mənəvi borcum hesab etdiyimdən bu yazını qələmə aldım. Düşünürəm ki, yazı həm Naxçıvan Muxtar Respublikasının, həm də onun yaşıdı olan Naxçıvan Dövlət Tarix Muzeyinin 100 illik yubileylərinə layiqli töhfə olacaq.

 

İcrası iki il gecikən qərar

 

Qədim Naxçıvan diyarında muzey işinin başlanğıc tarixi XIX əsrin sonlarına təsadüf etsə də, ilk dövlət muzeyinin yaradılması ötən əsrin 20-ci illərində mümkün olmuşdur. 1924-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi (indiki Naxçıvan Dövlət Tarix Muzeyi) yaradılmışdır. Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə Naxçıvanın yerli hökuməti tərəfindən müvafiq qərar qəbul olunmasına və Naxçıvan MSSR Xalq Maarif Komissarlığına müvafiq tapşırıqlar verilməsinə baxmayaraq, 1924-cü ilin oktyabr ayından 1925-ci ilin sonunadək muzey üçün yer ayrılmamışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 6 yanvar 1926-cı il tarixli iclasında “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək haqqında” məsələyə baxılmış və muzeyi zənginləşdirmək məqsədilə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun şəxsi kolleksiyasının dövlət mülkiyyətinə götürülməsi və həmin əşyaların muzeyə təhvil verilməsi üçün V.Həsənzadə, A.Əliyarov və Rəhmanovdan ibarət olmaqla komissiya yaradılmışdır. Beləliklə, muzeyin əməli surətdə təşkili müəyyən mənada həll edilmiş, B.Əlibəyovun özü isə həmin vaxtdan muzeyə direktor təyin edilmişdir.

Muzey 1926-cı ilin yanvar ayından fəaliyyətə başlamışdır.

Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində olmasına baxmayaraq, münasib yer ayrılmadığından özü direktor olduğu müddətdə muzey B.Əlibyovun şəxsi evində fəaliyyət göstərmişdir. B.Əlibəyovu yaxından tanıyan Naxçıvan şəhər sakinlərinin bəzilərinin verdikləri məlumata görə, onun evi şəhərin mərkəzində, indiki Atatürk küçəsində son 20 il əvvələdək mövcud olmuş Naxçıvan Şəhər Məişət Xidməti Müəssisələri Kombinatının arxasında yerləşmişdir. Həmin ev  Naxçıvan üçün səciyyəvi olan müxtəlifölçülü, dairəvi formalı dəmir ornamentlərlə bəzədilmiş darvazadan keçməklə həyətin ortasında idi. Muzeyin özü iki otaqda və çox da böyük olmayan dəhlizdə yerləşdirilmişdi.

 

“Çox az şəhər belə muzeylə öyünə bilər...”

 

İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyində qədim diyarın tarixinə, arxeologiyasına və etnoqrafiyasına dair materiallar var idi. Onların arasında qızıldan hazırlanmış qadın bəzək və zinət əşyaları, qədim xalçalar, Şərq parçalarının nümunələri, qələmdanlar, saxsı və misdən hazırlanmış məişət əşyaları, qədim silahlar, Səfəvilər dövrünə aid sikkə kolleksiyası, XIX əsrin əvvəllərində tərtib olunmuş torpaq mülkiyyətinə dair sənədlər, tarixi memarlıq abidələrinin tikintisində istifadə olunan inşaat materiallarından nümunələr və digər eksponatlar xüsusi yer tuturdu. Rusiyalı professor V.M.Sısoyev 1926–1927-ci illərdə Naxçıvanda olmasına dair hesabatında Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə də yer ayırmış və muzeydən bəhs etdiyi bölməni “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi” adlandırmış və qeyd etmişdir ki, çox az şəhər belə muzeylə öyünə bilər.

Muzeyin təşəkkülündə və inkişafında 1925-ci ilin may ayında Naxçıvanda yaradılan “Tətqiq və Tətəbbö” Cəmiyyəti və onun ətrafında toplanan ziyalıların xüsusi rolu olmuşdur. B.Əlibəyovun vəfatından sonra “Tətqiq və Tətəbbö” Cəmiyyətinin elmi katibi Mirbağır Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli əmri ilə muzeyə direktor təyin edilmişdir. Həmin dövrdə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin adı dəyişdirilərək Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi adlandırılmışdır. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin 1932-ci il 26 avqust tarixli iclasında muzey haqqında məsələ müzakirə olunmuş və mədəniyyət müəssisəsinin adı yenidən dəyişdirilərək Naxçıvan Ölkəşünaslıq Muzeyi adlandırılmışdır.

Həmin qərardan sonra Naxçıvan şəhərinin indiki Heydər Əliyev prospektindəki 39 nömrəli yaşayış binasının yanında mövcud olan binada muzeyə ayrılan sahə 2 otaqdan və çox da böyük olmayan dəhlizdən ibarət olmuşdur. Həmin bina yenidən qurularaq muzeyin istifadəsinə verilmişdir. 1932–1940-cı illərdə muzeyin fəaliyyət dairəsi genişləndirilmiş və ekspozisiyası ilbəil zənginləşdirilmişdir. Muzeydə 1932-ci ildə 2520, 1940-cı ildə 4880 eksponat olmuşdur. Təkcə 1940-cı ildə 6 mindən çox tamaşaçı muzeyi ziyarət etmişdir.

 

10 ildə 8 direktor...

 

M.Mirheydərzadə 1945-ci ilin avqustunda muzeyin direktorluğundan ayrılmış, onu Abdulla Axundov əvəz etmişdir. Həmin dövrdə muzeyin yeri dəyişdirilərək vaxtilə Naxçıvan şəhərində fəaliyyət göstərmiş M.T.Sidqi adına 4 №-li 8 illik məktəb binasının 2-ci mərtəbəsində yerləşdirilmişdir. Araşdırmalardan aydın olur ki, II Dünya müharibəsindən sonra, 1945–1955-ci illərdə muzeyin fəaliyyətində ciddi irəliləyiş olmamış, əksinə, kadr çatışmazlığı və muzey direktorunun tez-tez dəyişdirilməsi müəssisənin işinə öz mənfi təsirini göstərmişdir. Təkcə bir faktı göstərmək kifayətdir ki, A.Axundovdan sonra 1949-cu ilin yanvar ayından 1956-cı ilin sentyabr ayınadək muzeydə 8 direktor təyinatı olmuşdur. Təəssüf ki, bu qeyri-sabit mərhələdə muzey eksponatlarının sayı azalmışdır. 1950-ci ilin sentyabrında Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə Validə Vəzirova muzeyə direktor təyin edilmiş və o bu vəzifədə 1956-cı ilin əvvəllərinədək işləmişdir.

 

Bəhruz Kəngərli adına...

 

Azərbaycan SSR Nazirlər Sovetinin 9 yanvar 1956-cı il tarixli qərarına əsasən, Naxçıvan MSSR Nazirlər Sovetinin 29 fevral 1956-cı il tarixli qərarı ilə Naxçıvan MSSR Maarif Nazirliyinin tabeliyindəki Naxçıvan Ölkəşünaslıq Muzeyinin və Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatı Muzeyinin bazasında Naxçıvan şəhərində Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin tərkibində Naxçıvan Ölkəşünaslıq Muzeyi yenidən təşkil olunmuş və təhvil-təslim işlərinin müvafiq qaydada aparılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Həmin vaxt muzey yeni binaya köçürülərək indiki Heydər Əliyev prospektindəki Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun yerində, əvvəllər mövcud olunmuş 2 mərtəbəli binada, 2 otaqdan ibarət sahədə yerləşdirilmiş və Ə.Sultanov 1956-cı ildə muzeyə yeni direktor təyin edilmişdir.

Naxçıvan MSSR Ali Soveti Rəyasət heyətinin 28 avqust 1957-ci il tarixli fərmanı ilə muzeyə Azərbaycanın görkəmli realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 6 may 1964-cü il tarixli sərəncamı ilə muzeyin adında yenidən dəyişiklik edilərək B.Kəngərli adına Naxçıvan MSSR Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmişdir. Bir müddət keçdikdən sonra Naxçıvan şəhərinin mərkəzində Nizami küçəsi 31 ünvanındakı bina muzeyə verilmiş, ekspozisiya burada qurulmuşdur. 1968-ci ilin sonlarından isə Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmış və bu gün də həmin adı şərəflə daşımaqdadır.

 

Yeni mərhələ

 

Araşdırmalar göstərir ki, bütün Azərbaycan muzeyləri kimi, Naxçıvan Dövlət Tarix Muzeyi də özünün əsl inkişaf yolunu Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dönəmində keçmiş və bu inkişaf günümüzdə də davam etməkdədir. Məhz bu Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvar ayında “Respublikada muzey işinin təkmilləşdirilməsi haqqında” və 1980-ci ilin yanvarında “Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında” qəbul edilən qərarlar bütün muzeylər kimi Naxçıvan Dövlət Tarix Muzeyinin də fəaliyyətində mühüm rol oynamış və onun inkişafına əhəmiyyətli təsir etmişdir. Məhz həmin qərarların qəbulundan sonra 1982–1983-cü illərdə muzeyin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur. 1982-ci ildə İsfəndiyar Əsədullayev muzeyə direktor təyin edilmiş və o, bu vəzifədə 1998-ci ilin may ayınadək çalışmışdır.

Bu sətirlərin müəllifi 1998-ci il iyul ayında muzeyə direktor təyin edilmişdir. Muzey rəhbərliyində baş verən kadr dəyişikliyi muzeyin həyatında yeni dövrün başlanması üçün əsas olmuşdur. Məhz həmin vaxtdan başlanan bu dəyişikliklər əsasən əhaliyə göstərilən muzey xidmətinin keyfiyyətinin yüksəldilməsi, tələbə-gənclər və məktəblilər arasında maarifçilik işinin gücləndirilməsi, kadrların seçilib yerləşdirilməsi məsələlərinə diqqətin artırılması, muzey sərvətlərinin etibarlı mühafizəsinin təmin olunması, ən əsası muzeyin maddi-texniki bazasının möhkəmləndirilməsi, bina şəraitinin yaxşılaşdırılması və digər məsələlərdən ibarət olmuşdur.

Gənc nəslin milli-mənəvi tərbiyəsində muzeylərin rolunu layiqincə dəyərləndirən yeni-yeni muzeylərin yaradılmasının və onların maddi texniki bazasının möhkəmləndirilməsinin  təşəbbüskarı  olan  ulu  öndər Heydər Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Ulu öndərin bu fikirlərindən yola çıxaraq 1999-cu ilin mayında “Muzeydə açıq dərs” layihəsinə start verilmişdir. “Yolumuz Heydər Əliyev yoludur” adlı ilk dərs Ulu öndərin anadan olmasının 75 illiyinə həsr edilmişdir. Həmin dərsdə vaxtilə Ulu öndərin müəllimi olmuş mərhum, alim-pedaqoq Lətif Hüseynzadə və muzeyin əməkdaşları iştirak etmişlər.

2000-ci ilin əvvəllərində muzeyin yerləşdiyi binanın əsaslı təmiri məsələsi gündəmə gəlmişdir. Muxtar respublika rəhbərliyinin və mütəxəssislərin birgə iştirakı ilə muzeyin binasına baxış keçirilmiş və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Binanın 1904-cü ildə inşa edildiyi və istismar müddətinin çoxdan bitdiyi, eyni zamanda tikilinin ümumi sahəsinin muzey üçün çox kiçik olması diqqətə çatdırılmışdır. Müzakirələrdən sonra Naxçıvan şəhəri İstiqlaliyyət küçəsi 92 ünvanındakı binanın əsaslı təmirdən sonra muzeyə verilməsi  məqsədəuyğun hesab edilmişdir. Muzey üçün ayrılan yeni binada əsaslı təmir işləri 2000-ci ilin mart ayında başlamış və sentyabrda yekunlaşmışdır. Həmin il noyabrın 4-də muzey binasının təntənəli açılışı olmuşdur.

Ulu öndər Heydər Əliyevin yeni muzeylər yaratmaq, mövcud muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə qayğı göstərmək siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il mart ayının 6-da imzaladığı Sərəncama uyğun olaraq, həmin ilin may ayında təmirdən sonra muzeyin ekspozisiyası tamamilə yenidən qurulmuş, eksponatların həm fiziki, həm də bioloji cəhətdən etibarlı mühafizəsi üçün muzey yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilmişdir.

İstər sovetlər dönəmində, istərsə də müstəqillik illərində muxtar respublikada yeni yaradılan muzeylərin əksəriyyətinin fondlarının təşkili və ekspozisiyalarının qurulmasında Naxçıvan Dövlət Tarix Muzeyinin bədii-tarixi dəyərlərindən, muzey əməkdaşlarının məsləhətlərindən, metodoloji və praktiki köməyindən istifadə olunmuşdur.

 

“Muxtar respublika” statusu

 

Yarandığı ilk illərdən başlayaraq muzeyşünaslığın əsasını qoyan Naxçıvan Dövlət Tarix Muzeyi ötən 100 il ərzində muxtar respublikada muzeyşünaslığın inkişafına öz töhfələrini vermişdir. Mədəni irsin qorunması və təbliği sahəsində Naxçıvan Dövlət Tarix Muzeyinin çoxillik fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Muxtar respublikadakı tarix profilli muzeylər üzrə baza müəssisəsi kimi fəaliyyət göstərən muzeyə 2017-ci ildə “muxtar respublika” statusu verilmişdir. Muzeydə kadrların seçilib yerləşdirilməsi daim diqqət mərkəzində saxlanılmış, onların muzey işinin sirlərini mənimsəmələrinə qayğı ilə yanaşılmışdır. 2010–2020-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin 4 əməkdaşı Naxçıvan şəhərindəki aparıcı muzeylərə direktor vəzifəsinə, 1 nəfər isə baş fond mühafizi vəzifəsinə təyin edilərək irəli çəkilmişlər.

Muzey fondunun zənginləşdirilmək istiqamətində həyata keçirilən tədbirlər nəticəsində təkcə 2000–2020-ci illərdə muzeyin fonduna 12 minə yaxın eksponat daxil edilmiş və nəticədə muzeydəki eksponatların sayı 50 minə yaxın olmuşdur.

Muzeydə vaxtaşırı olaraq tarixi günlər ərəfəsində təşkil edilən açıq dərslər, dəyirmi masalar, elmi konfranslar, yubiley tədbirləri və digər elmi-kütləvi tədbirlər əhalinin müxtəlif təbəqələrinin, xüsusilə məktəbli-gənclərin muzeyə cəlb olunmalarına kömək etmiş və onlarda azərbaycançılıq məfkurəsinin formalaşmasına öz müsbət təsirini göstərməkdədir.

2019-cu il Naxçıvan Dövlət Tarix Muzeyinin tarixində ən uğurlu illərdən biri olmuşdur. Naxçıvan MR Ali Məclisi sədrinin 2 avqust 2019-cu il tarixli sərəncamına əsasən, həmin il noyabr ayının 30-da Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illiyi dövlət səviyyəsində təntənəli surətdə qeyd olunmuşdur. Muzeyin iki əməkdaşı “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına, 5 əməkdaş isə “Rəşadətli əməyə görə” döş nişanı ilə təltif edilmişdir.

***

Sonda Naxçıvan Dövlət Tarix Muzeyinin bütün kollektivini 100 illik yubiley münasibətilə ürəkdən təbrik edir, cansağlığı və işlərində uğurlar arzulayıram.  

Nizami Rəhimov
Naxçıvan Dövlət Tarix Muzeyinin sabiq direktoru,
Əməkdar mədəniyyət işçisi