Mumbay şəhərində 23-25 oktyabr tarixlərində XI Hindistan Beynəlxalq Film Turizmi Konqresi (IIFTC – India International Film Tourism Conclave) keçirilib.
Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, İspaniya, Slovakiya, Norveç və digər ölkələrdən film komissiyalarının yer aldığı tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi iştirak edib. Ölkəmizdən “Filmlab.az”, “Filmbridge Azerbaijan”, “CNF” və “Ultra Production” şirkətləri də IIFTC-yə qatılıb.
Builki konqres ölkəmiz üçün xüsusilə yaddaqalan olub. Mükafatlandırma mərasimində Azərbaycan Hindistandan rejissor və prodüserlər üçün ilin ən populyar çəkiliş məkanı elan edilib.
IIFTC konqresinin rəhbəri Harşad Bhaqvat vurğulayıb ki, son illərdə Azərbaycan ən çox tələb görən çəkiliş məkanlarından birinə çevrilib.
Azərbaycan nümayəndə heyəti ölkəmizdə yaradıcılıq sahələrinin inkişafına dəstək, kino potensialımızın beynəlxalq səviyyədə tanıdılması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra görüşlər keçirib. Ölkəmizin həm film çəkilişi məkanı kimi, həm də birgə film istehsal ilə bağlı müzakirələr aparılıb.
Bildirək ki, son iki ildə ölkəmizdə həyata keçirilən “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində müxtəlif layihələrin icrası, Film komissiyasının fəaliyyətinin canlandırılması, xarici istehsalçıların Azərbaycanda çəkilişlərə cəlb olunması yerli kino sənayesinin də inkişafı üçün əhəmiyyət kəsb edir.