Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyi bu il 30 yaşını qeyd edir. Bu münasibətlə oktyabrın 28-də muzeydə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA)  ilə birgə konsert keçirilib.

Konsertdən əvvəl qonaqlar muzeyin foyesində yeni hazırlanmış “Muzeyin tarixindən” adlı fotosərgi ilə tanış olublar.

Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü söyləyib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova muzeyin fəaliyyət göstərdiyi illərdə görülən işlər, əldə olunan nailiyyətlər haqqında söz açıb. Çıxışlar muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Konsertdə BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və onun tələbələri Zöhrə Ramazanlı, Kənan Xəlilzadə, Natəvan Səlimova, Samirə Kazımlı, Səma Mustafayeva, Leyla Babayeva çıxış ediblər. Bəstəkarlar Zülfüqar Hacıbəyov, Qara Qarayev, Zakir Bağırov, Niyazi, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli və Mehriban Əhmədovanın əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.