Oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin quruluşunun 101-ci ildönümüdür. Qazi Mustafa Kamalın öndərliyi ilə qardaş xalqın 1919–1922-ci illərdə apardığı Qurtuluş savaşı və İstiqlal mücadiləsinin şanlı yekunu olaraq 1923-cü il oktyabrın 29-da Ankarada, Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət elan edildi.

Türkiyə Cümhuriyyətinin yaranması ilə minilliklərlə ölçülən ümumtürk tarixinə yeni səhifə yazıldı.

Yeddi əsrə möhürünü vurmuş böyük imperatorluğun – Osmanlının süqut etməsindən sonra qurulan Cümhuriyyət təkcə Türkiyə xalqının deyil, qardaş türk xalqlarının da milli istiqbalı üçün ümid çırağı idi.

Çünki ondan öncə Azərbaycanda 23 aylıq (1918–1920) ömrü olmuş Xalq Cümhuriyyəti dövranın ağır yellərinə davam gətirə bilməmiş, həmçinin Orta Asiyada – Türküstan elində qardaş xalqların milli dövlət qurmaq niyyətləri puça çıxmışdı.

Belə bir şəraitdə qüdrəti dünyaya bəyan edilən Türkiyə Cümhuriyyəti bütün Türk dünyası üçün fəxarət ünvanı oldu.

Zaman keçdi, bu dəfə tarixin yelləri bizdən yana əsdi. Azərbaycan Respublikası  müstəqilliyini bərpa etdi, Xəzərin o tayındakı qardaş xalqlar da istiqlalına qovuşdu.

Bu gün Türkiyə Cümhuriyyətinin al qumaşlı ay-ulduzlu bayrağı ilə yanaşı, Azərbaycanın, digər türk respublikalarının bayraqları da yanaşı dalğalanır. Türküstandan Aralıq dənizinədək uzanaraq yavru vətən Şimali Kipri də sıralarına alan Türk Dövlətləri Təşkilatı hər ötən il dünya çapında, geosiyasi müstəvidə varlığını daha bariz nümayiş etdirir.

Bu birlikdə artıq ikinci yüzilliyini yaşayan Türkiyə Cümhuriyyətinin tərəqqisi, güc və qüdrətinin daha da artması qardaş türk dövlətlərinin hər biri, o cümlədə Azərbaycan üçün qürur mənbəyidir.

Çünki güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunun parlaq ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki həmrəyliyimiz oldu. Bir il sonra bu birliyə Şuşa Bəyannaməsi (2021-ci il 15 iyun) ilə tarixi bir möhür vuruldu.

Bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə Azərbaycan-Türkiyə birliyini görürük.

“Bu şanlı tarix bizim müştərək tariximizdir. Bu birlik əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir” – Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rəbbimiz birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” diləyi ilə üst-üstə düşür.

Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” şüarının Böyük öndər Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə səsləşdiyi kimi.

Türkiyə Cümhuriyyətinin 101 yaşı mübarək olsun!

Qardaşlar olaraq sevincimiz hər zaman bol olsun!

Vüqar Orxan