Oktyabrın 25-də Mingəçevir Turizm Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şəhidlərin xatirə əşyalarından ibarət sərgi təşkil edilib. Sərgidə 50-dən çox şəhid qəhrəmanın şəxsi əşyaları nümayiş etdirilib.
Əvvəlcə şəhid valideynləri ilə çay masası arxasında görüş keçirilib.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov sərginin ərsəyə gəlməsində köməklik göstərən şəhid valideynlərinə dərin minnətdarlığını bildirib.
Tədris işləri üzrə direktor müavini Aynurə Abbasova, Tədris şöbəsinin müdiri, tarix müəllimi Ceyhun Abdullayev kollecin tələbələrinin layiqli vətəndaş kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Sərginin də bu məqsədə xidmət etdiyi bildirilib.
Kollecin müəllimi, Vətən müharibəsi iştirakçısı Muraz Məmmədov döyüş yolundan, müharibə günlərində xalqımızın nümayiş etdirdiyi birlik və bərabərlikdən söz açıb.
Sonra sərgiyə baxış keçirilib. Şəhid valideynləri stendlərə yaxınlaşan gənclərə öz övladları və onların döyüş yolu barədə məlumat veriblər.