Çinin Şanxay şəhərində yerləşən Fudan Universitetində İpək Yolu Elektron Ticarət Beynəlxalq Beyin Mərkəzi Alyansının əsası qoyulub.

Alyans İpək yolu üzərində yerləşən ölkələr arasında rəqəmsal ticarəti və rəqəmsal iqtisadi əlaqələri tədqiq edən və tənzimləyən beynəlxalq əməkdaşlıq platformasıdır.

Çin İpək yolu üzərində yerləşən ölkələrlə elektron ticarət münasibətlərini inkişaf etdirmək əzmindədir. İpək yolu elektron ticarət platforması bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Alyansın təsisçiləri sırasında Azərbaycandan Xəzər Universiteti də var. Son illər Xəzər Universiteti Çinin ali təhsil ocaqları, beyin mərkəzləri və elmi təşkilatları ilə sıx əməkdaşlıq edir, birgə elmi layihələr həyata keçirir.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzi yaradılıb.