Milli Azərbaycan Tarixi Muzeyində hərbi tarixçisi Yusif Ağayevin “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI-XIII əsr hərb sənəti” kitabının təqdimatı keçirilib.
Oktyabrın 25-də gerçəkləşən tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov qeyd edib ki, Yusif Ağayev bir sıra elmi və elmi-populyar kitab və məqalələri ilə tanınır. Onun “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında hərb məsələlərinin araşdırılması təkcə elmi ictimaiyyəti deyil, geniş oxucu auditoriyasının da diqqətini cəlb edib. Hərbi-vətənpərvərlik işinin aparılmasında hərb tariximizin şanlı səhifələrinə həsr olunmuş əsərlərin xüsusi əhəmiyyəti var və bu baxımdan Y.Ağayevin yeni kitabı maraqlı mənbələrdəndir.
Milli Məclisin deputatı filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev deyib ki, Orta əsr Azərbaycan tarixinin, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi baxımından Nizami Gəncəvinin əsərləri sanki bir ensiklopediyadır və hərb tarixi barədə onun poemaları, doğurdan da, zəngin məlumat bazasıdır.
Daha sonra müəllif Yusif Ağayev kitab haqqında məlumat verib, Nizami Gəncəvinin əsərlərində əksini tapan Orta əsr Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, elm və mədəniyyəti barədə ətraflı danışıb.
Tədbirdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin layihəsi olan “Azərbaycan Atabəyləri” serialı haqqında da məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvi dövrünün hərbi-siyasi hadisələrindən bəhs edən serial üzərində AzTV, eləcə də Türkiyənin “İkinci Yeni Film Production” və Azərbaycanın “Şahdağ Film Production” şirkətləri müştərək çalışıblar.
Tədbirdə filmdə istifadə edilən hərbi geyimlər, həmçinin serialdan kadrlar nümayiş olunub. “Şahdağ Film Production” şirkətinin direktoru İlqar Mehti çıxış edərək müasir şəraitdə Azərbaycanda hərbi təbliğat işinin gücləndirilməsinin aktuallığını vurğulayıb, elmi əsaslarla bədii və sənədli filmlərin çəkilməsinin güclü təbliğat vasitəsi olmasını xüsusi qeyd edib.
Tədbirin bədii hissəsində Azərbaycan Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının ifasında “Qılınclarla rəqs” və “Cəngi” rəqsləri nümayiş olunub. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” və “Sənsiz” romansları Elçin Məmmədov və Mətləb Ağayevin ifasında təqdim edilib.
Sonda müəllif kitablarını oxucular üçün imzalayıb.
Lalə