Azərbaycan Mətbuat Şurasında şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində dördündü toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə əvvəlki üç toplantı iyul, avqust və sentyabr aylarında reallaşıb. Toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.

Bildirilib ki, layihə çərçivəsində MŞ-nin saytında (presscouncil.az) “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib.

R.Məcid deyib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda məqalələr “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institusional yanaşma tətbiq edilib. Bildirilib ki, noyabr ayında layihə üzrə yekun toplantı keçiriləcək.

MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, “Azərbaycan mediasında gender bərabərliyini mövcud durumu” mövzusunda keçirilmiş tədqiqatın nəticələri barədə danışıb. Qeyd olunub ki, tədqiqat audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən 26  jurnalist təşkilatını əhatə edib.

Tədqiqatla müəyyən olunub ki, Azərbaycanda media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir. Media subyektlərində idarəçi qərarverici şəxslərin yalnız 21 faizi qadınlardan, 79 faizi kişilərdən ibarətdir. Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər, yəni qərarverici şəxslərin 20 faizini qadınlar təşkil edir.

Bakı Dövlət Universitetinin müəllimi, Ankara Universitetinin doktorantı Qoşqar Bəylərov, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, “Yenicag.az” saytının əməkdaşı Rəsul Mirhəşimli və başqaları layihə çərçivəsində görülmüş işlərin əhəmiyyəti barədə söz açaraq təkliflərini səsləndiriblər.