Yeni tamaşalarının premyerasını səfərdə etmək ənənəsi yaradan Lənkəran Dövlət Dram Teatrı növbəti səhnə əsərlərini Lerikdə göstərib.
Kollektiv 22 oktyabrda Lerik rayon Mədəniyyət Mərkəzinin səhnəsində dramaturq Rəhman Əlizadənin “Günah” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Hüseynov, rejissor köməkçisi Nuranə Nəcəfovadır. Rolları Əməkdar artist Sücəddin Mirzəyev (Loğman), Teymur Hacızadə (Fərrux), Məleykə Cəfərova (Əsmər), Emin Fərzullayev (Böyükağa), Ayşən Əsədova (Nabat), Allahverən Babayev (Kamran), Rauf Zeynalov (Namiq), Buludxan Buludov (Çopur), Əlizamin Abbasov (Fərhad), Qızılgül Quliyeva (Fəridə) ifa ediblər.
Tamaşada insanın etdiyi səhvlərin nəticəsi olaraq içində yaşadığı daxili təlatüm və vicdan əzabları ön plana çıxarılır.
***
Lerikli teatrsevərlər oktyabrın 27-də Lənkəran teatrının daha bir səhnə işini – mərhum kuklaçı, Əməkdar artist Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu” nağıl-tamaşasının premyerasını izləyiblər.
“Yaşıl dünyan naminə həmrəylik ili” çərçivəsində hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Fuad Babazadə, rəssamı Sevən Həsənova, musiqi tərtibatçısı Elvin İsayevdir. Birhissəli tamaşada Allahverən Babayev, Teymur Hacızadə, Ayşən Əsədova, Emin Fərzullayev, Əlizamin Abbasov, Rauf Zeynalov, Əlirza Şahbazi, Məleykə Cəfərova, Şəbnəm Cəfərova və Təranə Fərəcova rol alıblar.
Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası xeyirxahlıq və ümiddir. Ovçu Muradın tələsinə düşmüş Simurq quşu ağıllı məsləhətləri ilə bütün maneələri keçərək qalib gəlir və insanları xeyirxah olmağa çağırır.